Azərbaycan Prezidentinin bu ilin 23 aprel tarixində Ermənistan hakimiyyətinin qətiyyən gözləmədiyi addımı atması və Həkəri çayı üzərindəki sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratması müasir tariximizin ən mühüm hadisəsi sayılmalıdır.
Həmin hadisədən iki ay əvvəl dövlət başçımız Münhen təhlükəsizlik konfransında həm Zəngəzur, həm də Laçın dəhlizlərində bu cür məntəqələrin yaradılması təklifini vermişdi. Azərbaycanın son dərəcə ədalətli təklifinə Ermənistan hakimiyyətindən “erməni” cavabı gəlmişdi. Cavab vermişdilər ki, Zəngəzur dəhlizi Ermənistanın suveren ərazisindən keçdiyinə görə orada nəzarət-buraxılış məntəqələri mütləq yaradılmalıdır. Ancaq eyni məntəqə Azərbaycanın suveren ərazisindən keçən Laçın dəhlizində qurula bilməz. Çünki 10 noyabr bəyanatına görə, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətində olmalıdır.
Bu cavabı göndərən və dayanmadan səsləndirən cahillər unudurdular ki, bəyanatda rus sülhməramlılarının sərhəddə dayanması nəzərdə tutulmayıb. Sənəddə aydın şəkildə yazılıb ki, rus sülhməramlıları “Laçın dəhlizi boyunca”, uzununa 22 km-lik əraziyə nəzarət edə bilərlər. Üstəlik, həmin bəyanatda açıq mətnlə Zəngəzur dəhlizinin heç bir məhdudiyyət qoyulmadan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin nəzarətində olacağı qeyd olunub. Əlavə olaraq bu dəhlizdə insanların və nəqliyyatın hərəkətinə heç bir maneçilik törədilməməsi, “maniəsiz” hərəkətin təmin olunması tələbi də mövcuddur. Belə bir “maniəsiz hərəkət” tələbi Laçın dəhlizində nəzərdə tutulmayıb.
Yeri gəlmişkən, ATƏT-in bədnam Minsk qrupunun torpaqlarımızın işğal olunduğu və Azərbaycanın məğlub ölkə durumunda olduğu dövrdə təqdim etdiyi iki təklifində “Laçın dəhlizi” ilə bağlı son dərəcə mühüm müddəalar mövcuddur. 1997-ci ilin iyul ayında təqdim olunan “Paket həll” variantında Qarabağdan Ermənistana gedən yolla Naxçıvandan Azərbaycana çəkiləcək yolun eyni statusa malik olacağı nəzərdə tutulurdu. Hər iki yolun əsas üstünlüyünün “azad və maniəsiz” hərəkət olduğu xüsusi olaraq açıq şəkildə yazılırdı.
Onu da bir daha qeyd etmək lazımdır ki, kommunikasiya xəttinin statusunu yüksəldən və eyni mənanı verən “azad” və “maneəsiz” ifadələri 10 noyabr bəyanatında yalnız Naxçıvanla Azərbaycanı birləşdirəcək “Zəngəzur dəhlizi” üçün nəzərdə tutulmuşdur. “Laçın dəhlizi” üçün belə bir müddəa bəyanatda yoxdur.
Ötən əsrin 90-cı illərində (1998-ci il, noyabr) Azərbaycan hakimiyyətinin qəbul etmədiyi halda ermənilərin böyük sevinclə qarşıladıqları “Ümumi dövlət” variantında da açıq şəkildə yazılmışdı ki, Laçın dəhlizindən istifadə ilə bağlı airıca razılaşma imzalanmalıdır.
İndi heç bir razılaşma olmadığı, 10 noyabr bəyanatının müddəalarının mövcud problemləri nizama salmadığı halda, N.Paşinyan “dəhliz” sözünə daşımadığı müstəsna məna yükləyir və cahil cəsarəti ilə reallığa qətiyyən uyğun olmayan bəyanatlar verir.
Anlamaq istəmir ki,“dəhliz” sözü ermənilərin düşündüyü kimi kimlərəsə hüdudsuz imkanlar verən, ərazisindən keçdiyi dövlətin suverenliyini nəzərdə tutmayan və eksterritoriallıq mənasını verən anlayış deyildir.
Azərbaycan prezidentinin son Moskva danışıqlarında tamamilə dəqiq qeyd etdiyi kimi dəhlizlərlə əlaqədar ixtisaslaşmış qurum olan BMT-nin Avropa iqtisadi komissiyasının müəyyən etdiyi anlayışa görə “Zəngəzur dəhlizi” beynəlxalq nəqliyyat dəhlizidir.
Avropanı ən azı Orta Asiya ilə birləşdirəcək bu mühüm dəhlizin yalnız 46 km-lik kiçik bir hissəsi Ermənistan ərazisindən keçir və N.Paşinyanın həmin görüşdə “Zəngəzur dəhlizi” ifadəsini “ərazi bütövlüyünə təcavüz” kimi qiymətləndirməsi “erməni cahilliyi”nin bariz nümunəsidir.
Ermənilərin yanlış olaraq Azərbaycanın suverenliyinə tabe olmayan, eksterritorial hesab etdikləri “Laçın dəhlizi” isə humanitar dəhlizdir.
Bir qayda olaraq yalnız müəyyən müddət ərzində fəaliyyət göstərən digər humanitar dəhlizlərdən fərqli olaraq “Laçın dəhlizi” heç bir zaman məhdudiyyəti nəzərdə tutulmayan yeganə dəhlizdir.
Həm nəqliyyat dəhlizləri, həm də humanitar dəhlizlər dövlətlərarası razılaşmalar əsasında fəaliyyət göstərirlər. Belə razılaşmalar olmadıqda “dəhliz” ifadəsi heç kimə heç bir üstünlük vermir və N.Paşinyanın dediyi digər kommunikasiyalardan heç nə ilə fərqlənmir.
Dövlət başçımızın çox düzgün olaraq nümunə göstərdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildə Rusiya, Hindistan və İran dövlətləri tərəfindən imzalanmış razılaşma əsasında yaradılmışdır və fəaliyyətini həmin beynəlxalq müqavilə əsasında təşkil edir.
Laçından keçən yolla əlaqədar bütün məsələlərin reqlamentləşdirildiyi razılaşma olmadığına görə ermənilərin iddia etdiyi kimi “dəhliz” ifadəsi həmin yola heç bir müstəsna hüquqlar vermir və onların güman etdiyi kimi “eksterritorial” deyildir.
Təəssüf ki, bu həqiqəti anlamaqda çətinlik çəkən təkcə ermənilər deyil, dünyanın böyük gücləri də, beynəlxalq qurumlar da tez-tez bənzər bəyanatlar verirlər.
10 noyabr bəyanatında heç bir qadağa olmamasına baxmayaraq ermənilər hələ də iddia edirlər ki, Həkəri çayı üzərindəki sərhəddə nəzarət-buraxılış məntəqəsi qurulmasına imkan verilməməlidir.
Bu mövqeni ifadə edərkən onlar ilk növbədə şübhəsiz ki, KTMT-dəki “baş müttəfiqləri” olan Rusiyaya və onun bölgədə yerləşən hərbi qüvvələrinə, sonra isə Fransa və ABŞ-a güvənirdilər və ümidlərinin hələ də üzməyiblər. Baxmayaraq ki, bu dəfə də ermənilərin “güvəndiyi dağlara qar yağdı”, gözlənilən dəstək gəlmədi və gəlmək ehtimalı yox dərəcəsindədir
Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu qəbul etmək istəməyən ermənilər son çarəni sərhəddə təxribatlar törətməkdə və Azərbaycana böhtanlar atmaqda görürlər. Sonuncu təxribat - nəzarət buraxılış məntəqəmizin atəşə tutulması bu çarəsizliyin nəticədir. Şübhə yoxdur ki, “çoxillik havadarlarından” gözlədikləri dəstəyi ala bilməyən ermənilərin bu son “konvulsiv çırpıntıları” da heç bir nəticə verməyəcək və onlar reallıqları qəbul etmək, Azərbaycanın haqlı tələbləri əsasında hazırlanan “sülh sazişi”ni imzalamaq məcburiyyətində qalacaqlar.
Abutalıb Səmədov