Azərbaycan-Türkiyə münasibətlərinin tarixində Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. İki il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir.
Bəyannamədə ölkələrimiz arasında əməkdaşlığın bütün aspektləri əhatə olunub. Sənəddə ən vacib məqamlardan biri, şübhəsiz ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Qeyd olunub ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bununla yanaşı, Bəyannamədə qeyd olunur ki, tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək.
Maraqlıdır, ötən iki il ərzində Təhlükəsizlik Şuralarının iclası olubmu, olacaqmı? Bunu ekspertlər necə dəyərləndirir?
“Çox güman ki, rəsmi və qeyri-rəsmi səviyyədə təhlükəsizliklə bağlı belə müzakirələr keçirilir”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “İki ölkə Təhlükəsizlik Şuralarının birgə iclasının keçirilməsi ilə bağlı açıq məlumat verilməyib. Onsuz da iki ölkə arasında qarşılıqlı təhlükəsizlik məsələləri müxtəlif səviyyələrdə müzakirə olunur. Sadəcə, bu daha çox qapalı formada həyata keçirilir. Bir sıra hallarda bu barədə məlumat verilməsi, görünür, məqsədəuyğun sayılmır. Ona görə də ola bilər ki, belə iclaslar keçirilir, amma ictimaiyyətə bununla bağlı məlumatların verilməsi məqsədəuyğun hesab edilmir. İstisna etmirəm ki, işin belə qurulması daha yaxşıdır. Ancaq çox güman ki, rəsmi və qeyri-rəsmi səviyyədə təhlükəsizliklə bağlı belə müzakirələr keçirilir. Ona görə ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyydədir. Başqa bir tərəfdən, Şuşa Bəyannaməsində belə bir bəndin olması çox böyük əhəmiyyətə malikdir. Bu o deməkdir ki, haçansa Azərbaycana qarşı bir təcavüz olsa, biz Türkiyə ilə birlikdə Təhlükəsizlik Şurası formalaşdırmışıq. Yəni bu cür kritik situasiyalarda iki ölkə birgə qərar qəbul edərək hərəkət edəcək. Ona görə də Bəyannamədə bu bəndin olması hamıya xəbərdarlıqdır ki, istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı hansısa təcavüz olarsa, iki ölkə birgə müzakirələrdən sonra qərar qəbul edəcək. Atılan addımlar iki dövlət tərəfindən razılaşdırılmış şəkildə atılacaq. Bu, daha çox diplomatik nümayişdir. Dünyaya göstəririk ki, sabah hansısa bir hadisə baş versə, iki ölkə bəlli mexanizmlər çərçivəsində birgə hərəkət edəcək. Ona görə də Şuşa Bəyannaməsinin əhəmiyyəti, dəyəri böyükdür”.
Vidadi ORDAHALLI