“Guya Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəf alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan istiqamətində törədilmiş növbəti hərbi təxribatla bağlı bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, erməni tərəfinin iddiaları əsassızdır: “Azərbaycanın təxribat törətməklə Ermənistana sərmayələrin cəlb edilməsinə mane olmaq məqsədi daşıdığı barədə iddiaya gəldikdə qeyd edək ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə və Azərbaycanın ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla özünütəcrid siyasəti yürüdüb, bununla da bütün beynəlxalq layihələrdən kənar qalıb. Öhdəliklərinə zidd olaraq bölgədə iqtisadi inkişafa təkan verəcək kommunikasiya xətlərinin açılmasına hər vəchlə mane olan tərəfin də Ermənistan olduğu hər kəsə məlumdur. Bununla əlaqədar Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur”.
Görünən odur ki, Ermənistan absurd iddia ortaya atıb. Guya Azərbaycan Ermənistana xarici investisiya axınından narahat olduğu üçün hər vasitə ilə bunun qarşısını almağa çalışır. Ermənistanın taktikası budur ki, özləri təxribat törədib, bunun məsuliyyətini Azərbaycanın üzərinə atsın. Məgər Ermənistana ötən 30 ildə xarici sərmayə gəlib ki, Azərbaycan bundan narahat olsun? Son bir ildə Ermənistanda ixracın artması yalnız onunla əlaqədardır ki, bu ölkə Rusiyaya qarşı sanksiyalardan yayınır. Rusiyanın IT şirkətləri orada fəaliyyət göstətdikləri üçün Ermənistana gələn məhsullar Rusiyaya ötürülür. Yəni xaricdən gələn və reixrac olunan malların hesabına Ermənistanın Rusiyaya ixracı artıb. Yoxsa kimdi Ermənistana investisiya qoyan?! Xarici dövlətlər qonşularına qarşı təcavüzkar mövqedən çıxış edən Ermənistana sərmayə qoymaqda maraqlı olmayıblar. Sərmayə o ölkəyə yatırılır ki, bunun üçün orada hərtərəfli zəmin olsun. Sərmayələrin geri qaytarılmasına zəmanət olmalıdır, təhlükəsizlik təmin olunmalıdır və s. Bunlar da Ermənistanda yoxdur.
“Xarici sərmayədarlar üçün çəkici şərait olsaydı, ermənilərin sevmlisi olan Fransa şirkətləri ora investisiya qoyardı”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, erməni tərəfinin sərmayələrlə bağlı iddiaları uydurmadır. O bunu belə əsaslandırdı: “Məsələ ondadır ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunandan sonra bölgədə yeni vəziyyət yarandı. Azərbaycanın neft-qaz sektoruna və bununla əlaqəli iqtisadiyyatın yan sektorlarına xarici sərmayələr qoyulmağa başladı. Ölkəmizdə bir sıra müəssisələr ya yenidən tikildi, ya da əsaslı şəkildə yeniləndi. Ancaq Birinci Qarabağ müharibəsində Ermənistan qalib tərəf olsa da, bu, ora xarici sərmayə axınına səbəb olmadı. Halbuki, orada da bir sıra təbii resurslar var idi. 1998-ci ildə Robert Köçəryan prezident olandan sonra ümumiyyətlə, xarici sərmayələrin yolu bağlandı. Niyə? Ona görə ki, ölkədə əyalət təfəkkürünə söykənən quldur rejim formalaşdırıldı. Ermənistandan ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq miqrasiya gücləndi. Az-çox gəlirli sahələr Köçəryan-Sarkisyan cütlüyünün monopoliyası altında qaldı. Ermənistanda xarici sərmayədarlar üçün çəkici şərait olsaydı, ermənilərin sevmlisi olan Fransa şirkətləri ora investisiya qoyardılar. Məgər Azərbaycan bu məsələdə mane olurdu?! 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra xarici sərmayələrlə bağlı vədlər versə də, praktiki olaraq dəyişən bir şey olmadı. Sərmayə gəlsəydi, ötən 5 ildə gələrdi. Buna görə Azərbaycan niyə atəşkəsi pozsun ki? Ona görə də erməni tərəfinin dediklərinin heç bir məntiqi əsası yoxdur”.
Vidadi ORDAHALLI