Məlum olduğu kimi, Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Putinlə görüşdə Paşinyan Qarabağla bağlı Azərbaycandan şikayətlənib:
“Təəssüf ki, orada humanitar vəziyyət gərgin olaraq qalır. Bir neçə aydır ki, Dağlıq Qarabağda qaz və işıq yoxdur. Laçın dəhlizində vəziyyət kifayət qədər gərgin olaraq qalır. Yeri gəlmişkən qeyd etməliyəm ki, indi Dağlıq Qarabağa ərzaq çatdırılması Rusiya sülhməramlılarının köməyi ilə həyata keçirilir və bu, məhdud miqdarda ərzaqdır. Ümumiyyətlə, Dağlıq Qarabağda humanitar böhran davam edir və bu da çox vacib məsələdir”.
Burada diqqəti çəkən məqam odur ki, Putin Paşinyanın dediklərini sadəcə dinləyib və bir kəlmə “əlbəttə” deməklə başqa heç bir reaksiya verməyib. Necə deyərlər, Paşinyanın dediklərinə ətraflı münasibət bildirməyib.
Maraqlıdır, Putinin bu reaksiyasını ekspertlər necə dəyərləndirir?
“Soçi göruşundə Paşinyanın hərəkətləri şıltaq və ərköyün övladın hərəkətləri təsirini bağışladı”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Rusiya prezidentinin Paşinyanın açıqlamalarına laqeyd münasibəti, əlbəttə, siyasi müşahidəçilərin diqqətindən yayınmayıb. Bu, ilk baxışda Ermənistanın Rusiya ilə münasibətlərinin indiki formatı və mahiyyətindən irəli gələ bilər. Etiraf etmək lazimdir ki, məhz Paşinyanın iqtidarı dövründə Ermənistanın Rusiya ilə münasibətlərində daha çox Qərbin bölgədəki geosiyasi maraqlarına cavab verən demarşlar müşahidə olunub. Paşinyan 2023-cü il KTMT-nin hərbi təlimlərində iştirak etməkdən nümayişkaranə şəkildə imtina etdi. Hətta NATO təlimlərinə qoşula biləcəyi ilə bağlı mövqe bildirdi. Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən forumunda Paşinyanın dəhlizlərlə bağlı terminoloji disput istəyi əslində Aİİ-nin işini pozmaq təsirini də bağışladı. Nəhayət Soçi göruşundə Paşinyanın hərəkətləri şıltaq və ərköyün övladın hərəkətləri təsirini bağışladı. Putinin istər Laçın dəhlizində, istərsə də münaqişə bölgəsində yaşanan hadisələrdən kifayət qədər məlumatı var. Laçın dəhlizində Azərbaycan tərəfinin sərhəd-buraxılış məntəqəsini qurması da, əlbəttə, Rusiya ilə koordinasiya edilmiş addımdır. Digər tərəfdən bu, Azərbaycanın suveren hüququdur. Nəhayət bu məntəqə heç də erməni tərəfinin iddia etdiyi kimi Qarabağı təcrid etmək, onu təslimçiliyə sövq etmək maraqlarından irəli gəlmir. Sadəcə dəhliz vasitəsilə daşınan yüklərin təyinatı ilə bağlı məsələləri nəzarət altında saxlamaq istəyindən irəli gəlir. Qarabağda da heç bir humanitar böhran yaratmaq məqsədlərinə xidmət etmir. Soçi görüşündə Azərbaycan prezidenti də məhz bu məsələlərə diqqət yetirməyin vacibliyini vurğulamışdı. Paşinyan Qərblə açıq-aşkar əməkdaşlıq yoluna üz qoyub, təhlükəsizliyi ilə bağlı məsələləri Rusiyaya yükləmək istəyir. Ən əsası isə, Ermənistan rəsmi Bakı və Kreml arasında münasibətlərdə qarşılıqlı etimad, faydalı əməkdaşlığın genişlənməsini qısqanclıq hissi ilə qarşılayır. Hər vəchlə bu münasibətlərdə etmadsızlıq, şübhə toxumları cücərtməyə çalışır. Hadisələr və danışıqlarla bağlı gerçəkliklərdən kənar məlumatları informasiya məkanına çıxartmaqla Rusiya ilə münasibətlərimizdə çatın yaranmasına səy göstərir. Rəsmi Bakının əvvəlcə Prezident İlham Əliyev, daha sonra isə baş nazir Əli Əsədov səviyyədində Aİİ-nin son iclaslarına qatılmaları isə İrəvanda depressiyyanın güclənməsinə səbəb olub”.
Vidadi ORDAHALLI