Qabil Zimistanoğlu: "Diqqətinizə çatdırım ki, bu, N.Əhmədlinin nəşr etdirdiyi ilk saxtakarlıq deyil"
II yazı
Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı Nazir Əhmədlinin bir müddət əvvəl işıq üzü görən "Haqq-nahaq seçilər haqq divanında" kitabı ilə bağlı tanınmış tədqiqatçı-jurnalist Qabil Zimistanoğludan götürdüyümüz müsahibənin ikinci hissəsini sizə təqdim edirik.
- Bildiyim qədər, Siz ustad Aşıq Alının tədqiqatçısısınız. Kitabda Aşıq Alı ilə bağlı qeyd edilən daha hansı fikirlərlə razı deyilsiniz?
- N.Əhmmədli Ermənistan Milli Arxivinə (Erm. Milli Arxivi, F.267, siy.1, sax.vah 23- səh. 183-198) istinad edərək Ağ Aşığın ən sevimli şagirdi Aşıq Alının da təvəllüd tarixini dəyişib. Onun bildirdiyinə görə, Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmayıb. 1842-ci ilin Göyçə mahalının Şişqaya kəndinin kameral siyahısı adlı "sənəd"də Mirzə Ovçu oğlu və onun Almədəd adlı oğlu olan şəxslərə dair qeydlərə rast gəlib. Burada Mirzə Ovçu oğlu 41 yaş, Almədədin isə 7 yaşı olduğu göstərilib. N.Əhmədli də, haqq-nahaq, bu ailənin yaxasından tutub deyir ki, elə Aşıq Alı Şişqayada anadan olub, Mirzə Ovçu oğlu da onun atasıdır. Tez hesablama aparıb ki, siyahı 1842-ci ildə tərtib olunubsa, onda Mirzə 1801-ci ildə, oğlu Almədət isə 1835-ci ildə dünyaya gəlib. Qızılvəngin nə 1842, nə də 1852-ci ilin siyahısında Aşıq Alı yoxdur. 1859-cu il Qızılvəngin siyahısında Aşıq Alı Almədəd adı ilə peyda olur. Amma Göyçədə heç kim Aşıq Alını şişqayalı Alı kimi tanımayıb, adının isə Almədəd olduğunu deməyiblər. Uzun müddət bu istiqamətdə apardığım araşdırmalar zamanı da bu cür faktlara rast gəlmədim.
- Sizin Aşıq Alı ilə bağlı kitabınız da var deyəsən...
- Bəli. 2013-cü ildə nəşr etdirdiyim "Aşıq Alı. Əsərləri" kitabında ustadın nəsil-şəcərəsini çap etmişəm. Orada Aşıq Alının atasının adı Mirzə olsa da, Mirzənin atasının adı Haqverdi olub. Ovçu Məlik isə Haqverdinin qardaşı kimi göstərilib. Siyahıyaalmada Mirzənin qardaşı kimi qeyd olunan Nəbi isə Ovçu Məlikin oğlu olub. Bir sözlə, o biri ustadların şəcərəsindəki mövcud qarışıqlığa burada da rast gəlinir. Aşıq Alının qohumları Aşıq Alıdan öncə 5 babalarının Qızılvəngdə anadan olduğunu və həmin kənddə dünyalarını dəyişdiyini iddia edir, bunu şəcərənin siyahısında qeyd etmələrinə baxmayaraq, N.Əhmədli inadkarlığını davam etdirir ki, mən dediyim düzdür, əlimdə "mötəbər" sənədlər var. O, Qızılvənglə bağlı 1859-cu ilin siyahısında Mirzə Ovçunun 50 yaş, Aşıq Alı iddia etdiyi Almədədin isə 25 yaşı olduğunu bildirir. Üstəlik, Aşıq Alının 15 yaşlı Abbas adlı qardaşının olduğunu qeyd edir. Nə mənim, nə də digər tədqiqatçıların apardığı araşdırmada Aşıq Alının Abbas adlı qardaşının olduğuna rast gəlinməyib. Elə dastanların müxtəlif variantlarında da Mirzə kişinin iki övladı olduğu bildirilir. Oğlunun adı Alı, qızının adı isə Pəri olub. Mən hətta tədqiqat işləri aparan zaman Pərinin dünyaya gələn nəvələrini də danışdırdım və onlar haqqında kitabda geniş məlumat verdim. Heç biri Pərinin Abbas adlı əlavə qardaşı olduğunu demədilər. 1859-cu ilin kameral siyahısı ilə 1842-ci ilin siyahısında olan yaşlar da uyğunluq təşkil etmir. Hər yerdə saxtakarlıq edən ermənilər, ustadlarla bağlı verilən məlumatlarda olduğuğu kimi, onların doğum tarixlərində də saxtakarlıq ediblər. Müxtəlif illərlə bağlı N.Əhmədliyə ötürdükləri saxta məlumatları heç olmasa bir-birilə uyğunlaşdırmayıblar ki, nabələd insan oxuyanda nəzərə çarpmasın. Belə ki, Mirzə Ovçu oğlu 1859-cu ilin siyahısında 50 yaş kimi göstərilirsə, hesablama ilə o, 1809-cu ildə, oğlu Almədədin isə həmin dövrdə 25 yaşı olduğu göstərilirdisə, demək, 1834-cü ildə anadan olub. Gördüyünüz kimi, 1842-ci illə 1859-cu ilin arasında xeyli uyğunsuzluq var. Mirzədə təkcə bu illər arasında 8 il, Almədədtə isə 1 il fərq edir. Əgər 1859-cu ildə Almədədin qardaşı Abbasın 15 yaşı olduğunu görürüksə, onun 1844-cü ildə anadan olduğu qənaətinə gəlmək olar. Əgər 1842-ci ilin siyahısında Mirzə Ovçu oğlunun, Almədədin adına rast gəliriksə, qardaşı Abbasın adına rast gəlmirik. Halbuki, həmin dövrdə Abbasın 2 yaşı var idi. Onun da adı siyahıya düşməli idi. Amma yoxdur. Gəlib birdən-birə 15 yaşında Qızılvəngdə peyda olur. Bu saxtakarlıq və uyğunsuzluq hələ bizim bəlli ailələr üzərində apardığımız araşdırma zamanı meydana çıxıb. Araşdırma aparılsa, o biri ailələrdə də eyni uyğunsuzluğun şahidi olmaq olar. Aşıq Alının 1859-cu ildə Hüseyn adında 3 yaşlı oğlu olduğu bildirilir, əmisi iddia etdiyi Nəbinin isə Hüseyn adlı 4 yaşında nəvəsi olduğunu qeyd edir. Oxucuda belə bir sual yarana bilər: əgər onlar əmi-qardaşoğlu idilərsə, eyni adı uşaqlarına qoymasına nə ehtiyac vardı? Hər ikisi də həmin dövrdə sağ olub, biri dünyasını dəyişməyib ki, deyəsən bu səbəbdən Hüseyn adını o biri əmioğlu öz övladına qoyub. Burada da uyğunsuzluq diqqəti çəkir. Bir sözlə, siyahıyaalmanın özünün o dövrdə bərbad gündə aparıldığını üzə çıxarmış olur.
- Aşıq Alı ilə bağlı daha hansı faktların təhrif olunduğu qənaətindəsiniz?
- Bundan əlavə, N.Əhmədli qeyd edir ki, Aşıq Alı 17 yaşında, 1852-ci ildə Ağ Aşığa şəyirdlik etməyə başlayıb. O, Aşıq Alını 1852-ci ilə aid etdiyi Şişqayanın siyahısında saxlayıb. N.Əhmədli Göyçəni yaxşı tanımadığından, ermənilərin uydurduğu informasiyaları və saxtakarlığı olduğu kimi qəbul edib. Əgər o, yaxşı tanısaydı, bilərdi ki, Şişqaya ilə Ağ Aşığın yaşadığı Kərkibaş kəndi arasında ən azı 50 km məsafə var. Amma Qızılvənglə Kərkibaş çox yaxın idi. Atla uzağı yarım saata Qızılvəngdən Kərkibaşa çox rahat getmək mümkün idi. 17 yaşlı bir şəxsin isə təkbaşına Şişqayadan Kərkibaşa və oradan da geri qayıtması təhlükəsizlik baxımından mümkün olmadığından, bu, uydurmadan başqa bir şey deyil. Aşıq Alı şəyirdliyə Kərkibaşa Şişqayadan deyil, məhz anadan olduğu Qızılvəngdən gəlirdi.
Aşıq Alı, bildiyimiz kimi, Niftalı bəyin qızı Bəsti xanımla nişanlanandan sonra, bir ildən bir az artıq müddətdə Osmanlı ərazisində, indiki Türkiyə ərazisində səfərdə olub. Orada olmamışdan qabaq Aşıq Duraxanı, sonra isə Cəfər Paşanın aşığı Aşıq İqbalı, İstanbulda isə Aşıq Əsməri bağlayıb.
Aşıq Əsmərlə deyişməsində də açıq-aşkar deyir:
"Mahalım Göyçədir, kəndim Qızılvəng,
Aşıq Alı təkdir, təkə tək gərək"
Burada demir ki, kəndim Şişqayadır?
Aşıq Zəki ilə deyişmə isə Aşıq Alının 40 yaşından sonrakı dövrə təsadüf edir. Bu deyişmə isə Türkiyədə yox, İranda olub. Bütün bu uğurlara sevinən ustadı Ağ Aşıq böyük qürur hissi ilə "Alqış sənə, Aşıq Alı" adlı şeirini yazıb. Şeir belədir: (N.Əhmədli bu şeirə istinad edib)
Mahalımım şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Ustadının üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı,
Duraxan da gəldi dada,
Əsməri də saldı oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı
Amma N.Əhmədlinin iddiasına görə, Aşıq Alının 24 yaşı olanda Ağ Aşıq dünyasını dəyişir. O, 40 yaşından sonrakı illərdə Aşıq Zəki ilə deyişibsə, bəs onda Ağ Aşıq bu uğuru necə tərənnüm edə, "Ustadının üzü ağdı, Zəkiyə çəkdiyin dağdı" misralarını deyə bilərdi?
Aparılan tədqiqatlara görə, Aşıq Alının Türkiyəyə səfəri onun 28-30 yaşları arasına təsadüf edir. Çünki Aşıq Alı Türkiyəyə səfəri zamanı ustadından xeyir-dua alaraq yola çıxır. Bu da 1829-1831-ci illəri əhatə edir.
Göyçədə olan bir kəndin adı yalandan bir neçə adla verilib. Bu da insanları çaşdırmağa xidmət edir. Belə hallar çoxdur. Mən Aşıq Alının anadan olduğu Qızılvəng kəndinin üzərində dayanmaq istəyirəm. 1831-ci ildə Göyçənin boş kəndləri siyahısında Qızılvəngin adı Qızılkilsə kimi qeyd olunub. (səh. 80) 1831-ci il Yarpızlı kəndinin təsvirində isə bu kəndin Zağa ilə Qızılqışlaq kəndləri (səh.176) arasında yerləşdiyi qeyd olunur. Nə həmin dövrdə, nə ondan öncə, nə də sonra Göyçə mahalında Qızılkilsə və Qızılqışlaq adlı kəndlər olmayıb. Yarpızlı kəndi isə Qızılvənglə Aşağı Zağanın arasında yerləşirdi. Bu kəndlər indi də mövcuddur. Ermənilər burada da N.Əhmədlini o yerləri yaxşı tanımadığı üçün möhkəm aldadıb. Onun vasitəsilə də çalışıblar ki, Azərbaycan ictimaiyyətini çaş-baş salsınlar.
- Aşıq Ələsgərlə bağlı daha hansı fikirlərlə razı deyilsiniz?
- Bu cür hallar, nəsil-şəcərənin ayaqbaş verilməsi, təvəllüdlə bağlı təhriflər Aşıq Ələsgərdə də öz əksini tapıb. Ustadın nəticəsi Xətai Ələsgərli mətbuatda bu barədə geniş məlumat verdiyi üçün, onun üzərində elə də çox dayanmaq istəmirəm.
Ustadın yaradıcılığına hörmətlə yanaşdığını deyən N.Əhmədli
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım
misralarını mübaliğə adlandırır. Bunu görməzdən gələrək Dədə Ələsgərin də yaşını azaldır. Sual verirəm: bu cür də mübaliğə olar?
Hələ, üstəlik, iddia edir ki, sənətkarların yaşının azlığı onların dahiliyinə xələl gətirmir. Bəli, dahi, yaşının hansı vaxtından asılı olmayaraq, dahidir. Söhbət ondan gedir ki, ustadların yaşını qısaltmaq təkcə onların həyatı ilə bağlı məlumatları təhrif etməyə deyil, eyni zamanda, Göyçənin tarixinin saxtalaşdırılmasına hesablanıb. Ermənilər öz maraqlarına uyğun olaraq, 1831-ci ildə xeyli kəndləri boş göstərib, çox kəndlərin adını təhrif edib, olmayan kəndləri olmuş kimi göstərib və Göyçədə mövcud olmayan erməni kəndlərinin adlarını siyahıya salıb. Məsələn, Gənzak, Dəli arutyun, Komaşer və s. kimi erməni kəndləri.
Təsəvvür edirsinizmi, hələ ermənilərin dediyinə inansaq, Göyçədə 126 kənddən 67-si boş olub. Səhifə 78-də 999 tatar-müsəlman ailəsinin yaşadığı öz əksini tapdığı halda, 1485 erməni ailəsinin Türkiyədən köçürüldüyü qeyd olunur. Təsəvvür edirsinizmi, 999 müsəlman ailəsi hara, 1485 erməni ailəsi hara? Bunları kim köçürürdü? Ermənilər özümü köçürdü? Əsla! Tarixdən də məlumdur ki, erməni vilayətinin təşkilində Çar Rusiyasının birbaşa marağı olub. Bu öz yerində və başqa söhbətin mövzusudur.
Edilmiş təhriflər və saxtakarlıqlar barədə N.Əhmədliyə irad tutulsa da, hələ də inadkarlığını davam etdirir. Bunu isə Azərbaycan tarixinə və folkloruna vurulan zərbə kimi dəyərləndirmək olar.
- Nazir Əhmədli bildirir ki, o xeyirxah bir iş görüb və erməni mənbələrinə istinad etməyib. Bu barədə fikirləriniz necədir?
- Diqqətinizə çatdırım ki, bu, N.Əhmədlinin nəşr etdirdiyi ilk saxtakarlıq deyil. Bundan öncəki nəşrlərdə də Ermənistan Milli Arxivinə istinad edərək, doğulub boya-başa çatdığı Dərələyəz mahalı ilə də bağlı analoji saxtakarlıqlara və təhriflərə yol verib. Hələ istəyir ki, bu vəziyyətlə Qərbi Azərbaycanın 16 mahalının da kameral siyahısını nəşr etsin. Heç şübhəsiz, oxşar vəziyyətə orada da rast gəlinəcək.
O bu hərəkəti ilə birbaşa erməni dəyirmanına su tökür. Həmişə erməniləri saxtakar kimi qəbul edən bir xalqın nümayəndələrini saxtakarlıq etməkdə suçlandırır. Belə ki, guya N.Əhmədliyədək ustadlarla bağlı araşdırma aparan tanınmış alimlərimizin və tədqiqatçılarımızın hamısının saxtakarlıq etdiyi fikrini formalaşdırmağa cəhd edir. Elə erməniyə də bu lazımdır. Əgər saxtakarlıq ediblərsə, deməli, onların topladıqları külliyatlar və materiallar da saxtadır. Sabah ermənilər N.Əhmədliyə istinad edib xalqımızın əleyhinə nə isə yazsalar, təəccüblənməyin!
İradə SARIYEVA
Birinci yazını burdan oxuyun: Nazir Əhmədlinin mübahisəli kitabına opponentlərindən reaksiya gəldi...