Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli neft şirkəti ADNOC-a məxsus iki tankerin Hörmüz boğazından keçərkən hədəfə alındığını bildirib. BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında bir neft tankerinin pilotsuz təyyarə tərəfindən vurulduğunu açıqlayıb.
"UKMTO hərbi hakimiyyət orqanlarından Hörmüz boğazından çıxarkən bir neft tankerinin dron tərəfindən vurulduğu barədə məlumatlar alıb" - deyə açıqlamada bildirilir.
Tankerə kiçik ziyan dəyib və heyət üzvlərindən xəsarət alan yoxdur, ətraf mühitə heç bir təsir barədə məlumat verilməyib.
BƏƏ Xarici İşlər Nazirliyi ADNOC-a məxsus iki tankerin Hörmüz boğazından keçərkən İran tərəfindən hədəfə alındığını açıqlayıb. İran hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ müdaxiləsini və dəniz blokadasını davam etdirdiyi müddətcə və 17 iyunda Tehranla Vaşinqton arasında imzalanmış müqavilənin tələblərini yerinə yetirmədiyi müddətcə Hörmüz boğazı açılmayacaq.
ABŞ Prezidenti Donald Tramp isə sosial media hesabında paylaşdığı mesajda ABŞ-ın Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəyinə inandığını bildirib.
İrandakı müharibəni əlaqələndirən ən yüksək hərbi hissə olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari Trampın iddiasını təkzib edərək bildirib ki, İranın icazəsi və nəzarəti olmadan heç bir gəmi Hörmüz boğazından keçə bilməz.
İran rəsmisi bildirib ki, İsrail və ABŞ gəmiləri Hörmüz boğazından keçə bilməyəcək.
Tahir TAĞIYEV