Türkiyənin İzmir şəhərinin Şirincə qəsəbəsində "Sözlərin ötəsində" adlı poetik-musiqili gecə təşkil olunub.
Tədbirdə 30 ildir Türkiyədə yaşayan azərbaycanlı sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullayeva, eləcə də bədii və elmi kitabların müəllifi, şair Sərgun Ağar iştirak edib.
Qeyd edək ki, Züleyxa xanım musiqi terapevti olaraq Türkiyə Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış musiqi terapiyası tətbiqçisi lisenziyasına sahibdir.
“Səssizlik danışarkən" adlı tədbirdə Sərgun Ağarın şeirləri Züleyxa Abdullayevanın royalda səsləndirdiyi improvizasiyalarla müşayiət olunub. Şeir, musiqi və səssizliyin dili üzərində qurulan gecədə musiqi terapiyasının insan ruhuna təsiri, duyğuların ifadəsi və ünsiyyətin gücləndirilməsindəki rolu xüsusi vurğulanıb.
Tədbirdə Azərbaycan musiqisinin zəngin irsinə də xüsusi yer ayrılıb. Azərbaycan bəstəkarlarının əsərləri və milli musiqimiz gecəyə milli ruh və xüsusi rəng qatıb.
Gecə ərzində Züleyxa Abdullayevanın müəllifi olduğu "Qəbul et" adlı əsər də səsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Proqramın sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, poeziya, musiqi və insan ruhu arasındakı dərin bağlar ətrafında səmimi müzakirələr keçirilib.
Şirincənin füsunkar təbiətində baş tutan "Sözlərin ötəsində" poetik-musiqili gecəsi iştirakçılara təkcə bir sənət proqramı deyil, həm də ruhu zənginləşdirən, düşüncələrə toxunan və yaddaşlarda iz buraxan mənəvi bir yolçuluq bəxş edib. Azərbaycan mədəniyyətinin və musiqisinin Türkiyədə belə yüksək səviyyədə təqdim olunması həm mədəni əlaqələrin möhkəmlənməsinə, həm də ortaq dəyərlərimizin tanıdılmasına dəyərli töhfə kimi qiymətləndirilib.
baki-xeber.com