“Nikol Paşinyanın xarici siyasəti Ermənistanı həm Rusiyapərəst, həm də Avropapərəst dairələrin ondan narazı olduğu bir vəziyyətə gətirib çıxarıb. Hər iki tərəf əslində özünü xəyanətə uğramış kimi hiss edir”.
Bunu Ermənistanın “Joqovurd” qəzeti yazır. Nəşr qeyd edir ki, Rusiya ilə münasibətlər son dərəcə gərgindir: “Moskva bir-birinin ardınca Ermənistana iqtisadi məhdudiyyətlər tətbiq edir, vaxtaşırı yeni məhsulların idxalını qadağan edir və ya məhdudlaşdırır. Rusiya tərəfi rəsmi olaraq bu tədbirləri sanitariya və digər məsələlərlə əlaqələndirir, lakin onların müntəzəmliyi artıq siyasi təzyiq təəssüratı yaradır. Bu, 7 iyun parlament seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı seçkilərin nəticələri ilə bağlı açıq şəkildə təbrik etməməsi ilə daha da ağırlaşır. Eyni zamanda, Avropa hələ də Rusiya bazarının potensial itkisini tam kompensasiya etmək iqtidarında deyil”. Bu arada Rusiya Ermənistandan idxalın bərpası üçün şərtləri açıqlayıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının bərpası üçün onların təhlükəsizliyi təmin edilməli, məcburi tələblər yerinə yetirilməlidir. Məcburi tələblərə isə Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarük zəncirinin izlənməsi daxildir. Məlumata görə, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın görüşündə bu tələblər səsləndirilib. Nazirlər Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində görüşüblər. Lut Rusiyaya tədarük edilən məhsulların Avrasiya İqtisadi İttifaqının baytarlıq və fitosanitar normalarına uyğunluğunu şərtsiz prioritet adlandırıb. Rusiya tərəfinə görə, qüvvədə olan normalara qeyd-şərtsiz əməl olunmalı, göndərilən məhsulların təhlükəsizliyinin təmin olunması üçün mexanizm hazırlanmalıdır. Rusiya aprelin sonlarından başlayaraq Ermənistandan meyvə, tərəvəz, quru meyvə, balıq, süd məhsullarının idxalına məhdudiyyət qoyub, bunu həmin məhsulların keyfiyyəti və təhlükəsizlik tələblərinə uyğunsuzluğu ilə əlaqələndirib. Rusiya prezidenti Vladimir Putin İrəvanı Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq və ya Avropa İttifaqına üzvlüklə bağlı mümkün qədər tez referendum keçirməyə çağırıb. Son günlər bu çağırışlar intensivləşib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, İrəvan Avropaya inteqrasiya xəttini dəyişməyəcək.
“Joqovurd” qəzeti yazır ki, Paşinyan Avropa dairələrindən də aydın siqnallar alır: siz Avropa yolunu seçmisiniz, buna görə də bu seçimin bədəlinə - məhrumiyyətlərə, iqtisadi çətinliklərə və qurbanlara hazır olmalısınız: “Avropa tərəfi maliyyə ayırmaları, yardım proqramları, qrantlar və kreditlər vasitəsilə vəziyyəti yumşaltmağa çalışır, lakin bunlar Rusiya ilə iqtisadi münasibətlərin pisləşməsi nəticəsində yaranan kəsiri tam kompensasiya edə bilmir. Yeni parlamentdəki vəziyyət də diqqətəlayiqdir. Müxalifətdəki "Güclü Ermənistan" fraksiyası güclü siyasi addımla Avropa İnteqrasiyası üzrə Daimi Komitənin sədrliyini ələ keçirdikdə, hökumətdən narazılıq Avropayönlü qurum daxilində açıq şəkildə özünü göstərməyə başladı. Avropa strukturları ilə əməkdaşlıq edən və Avropa proqramları vasitəsilə maliyyə alan bir çox şəxs artıq "Vətəndaş Müqaviləsi"ni tənqid etməkdə əvvəlki qədər ehtiyatlı deyil, bəzi hallarda hətta hökumətin hərəkətlərini açıq şəkildə lağa qoyur və istehza edir. Nəticədə ortaya çıxan mənzərə olduqca aydındır: Moskva Paşinyana etibar etmir, onun Ermənistanı Avropaya doğru apardığına inanır, Avropayönlü dairələr isə hökumətin elan etdiyi Avropa kursunu ardıcıl olaraq həyata keçirməməsindən narazıdırlar. Bir sözlə, Paşinyanın çoxvektorlu siyasəti həm Rusiyanı, həm də Avropanı məyus edən bir nöqtəyə çatıb. Bu siyasi manevrlərin iqtisadi bədəlini isə Ermənistan, Ermənistan biznesləri və vətəndaşları ödəyir və onlar hər keçən gün sözün əsl mənasında hər şey üçün getdikcə daha yüksək qiymətlər ödəməli olurlar”.
Samirə SƏFƏROVA