“Ermənistan tərəfinin iddialarının əksinə olaraq, biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”. "Sepah Pasdaran" Telegram kanalının məlumatına görə, bu barədə iranlı general-mayor Rəhim Səfəvi TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
"Bu məsələ ilə bağlı heç bir real anlaşma və ya ortaq məxrəc yoxdur. Biz qırmızı xətlərimizi Ermənistana açıq və aydın şəkildə çatdırmışıq. Buna görə də, Ermənistan parlament üzvünün açıqlaması reallığa uyğun deyil.
Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə vahid bir bütöv kimi baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”.
İranlı general hazırda Ermənistanla danışıqları davam etdirdiklərini bildirib: “Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika ordusuna keçərsə, İran qisas almaq hüququnu və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”.
Səfəvi qeyd edib ki, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlayarsa, daha yaxşı olar.
Tahir TAĞIYEV