ARKA: “Bu vəsait xarici kino istehsalçılarının Azərbaycanda çəkdikləri filmlərə xərclənib”
Son üç ildə xarici investorlar Azərbaycanın kino sənayesinə 12 milyon dollar investisiya qoyublar. Bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova 2 avqustda Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, milli kinonun inkişafı dövlətin diqqət mərkəzində qalır və özəl şirkətlər büdcə vəsaiti ilə yanaşı, sektora investisiya qoymağa başlayıblar.
S. Yusifova qeyd edib ki, kadr hazırlığına da böyük diqqət yetirilir. O əlavə edib ki, dövlət kinematoqrafiya sahəsində 15-dən çox tələbənin təhsilini dəstəkləyir.
Xarici sərmayiçilər kinomuza 12 milyon dolları necə yatırıb? Bu 12 milyon kinoda hansı sahələrə, istiqamətlərə qoyulub?Hansı sahələri əhatə edib? Məqsəd nə olub?
Bu vəsaitə hansı işlər görülüb? Yaxud görüləcək?
Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) baki-xeber.com-a bildirildi ki, mədəniyyət nazirinin müavinin qeyd etdiyi 12 milyon dollar xarici istehsalçıların Azərbaycanda çəkdikləri filmlərin xərcləridir: “Bu vəsait xarici kino istehsalçılarının Azərbaycanda çəkdikləri filmlərə xərclənib. Yəni onların Azərbaycan ərazisində çəkilən filmlərin dəyəri 12 milyon dollardır. Biz bu 12 milyon dolları nə üçün invstisiya hesab edirik? Çünki onlar burada həmin vəsaiti yerli kadrlara, yerli texnikaya xərcləyiblər. Yəni bütün prodakşn, istehsal prosesi xarici istehsalçılara yerli istehsalçılar tərəfindən təmin olunub”.
Qeyd edək ki, 2021-ci ildə rəsmi olaraq bildirlirdi ki, kino sahəsinə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb edilməsi və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaq hədəflənir.
O da vurğulanırdı ki, Kino Agentliyini yaratmaqda əsas məqsədlərdən biri Azərbaycanda kino industriyasına xarici investorların cəlb edilməsidir.
İradə SARIYEVA