Rusiya prezidenti Vladimir Putinin mübahisəli Kuril adalarının cənub hissəsində yerləşən İturup adasına səfərinə Tokio dərhal reaksiya verib. Yaponiya Rusiya liderinin Kuril adalarına səfərinə sərt etiraz edib.
Bununla bağlı Rusiya səfiri Nikolay Nozdrev Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yaponiya Xarici İşlər Nazirliyi Putinin Kuril adalarına səfəri ilə bağlı X sosial media hesabı vasitəsilə açıqlama yayıb. Kuril adalarının "tarixi və beynəlxalq hüquqa görə Yaponiya ərazisi" olduğu qeyd edilən açıqlamada Tokio hökumətinin Putinin adalara səfərinə "şiddətli etiraz" bildirdiyi qeyd edilir.
Qeyd edək ki, Putin prezidentliyi dövründə ilk dəfə Kuril adalarına səfər edib. Putin balıq emalı zavoduna, mərkəzi xəstəxanaya və məktəbə baş çəkib.
Kuril adaları, İkinci Dünya Müharibəsinin sonunda Stalinin manevrləri nəticəsində Sovet nəzarəti altına keçdikdən bəri Rusiya və Yaponiya arasında mübahisəli əraziyə çevrilib. Tokio silsilənin cənubundakı dörd adanın ona məxsus olduğunu iddia edir, Moskva isə onların müharibədən qaynaqlanan Rusiya ərazisi olduğunu iddia edir. Bu mübahisəyə görə tərəflər hələ də rəsmi sülh müqaviləsi imzalamayıblar və qanuni olaraq "müharibə vəziyyətində" qalırlar.
Putinin adalara ilk səfəri Rusiyanın regionda suverenlik iddiasını vurğulayan simvolik bir addım kimi qəbul edilir. Beləliklə, Putin 2010-cu ilin noyabr ayında Kunaşiri adasına səfər edən o vaxtkı prezident Dmitri Medvedevdən sonra adalara səfər edən ilk Rusiya dövlət başçısı oldu.
Tahir TAĞIYEV