Rəşad Bayramov: “Moskvanın iqtisadi rıçaqları müəyyən taktiki nəticələr versə də, onların Ermənistanın strateji...”
Məlum olduğu kimi, Rusiya Ermənistana yönəlik iqtisadi təzyiqləri dayanmadan artırır. Məslə ondadır ki, Rusiya bir sıra erməni mallarının keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirərək onların bazarına girişini məhdudlaşdırıb.
Hər dəfə kənd təsərrüfatına aid olan bir məhsulu qadağan edir. Bu da istər-istəməz Ermənistanda aqrar və sahibkarlıq sahəsində çalışanların narazılığı ilə müşahidə edilir. Nəticədə bu narazılıq cəmiyyətə də sirayət edir.
O da məlumdur ki, Ermənistanda Konstitusiya ilə bağlı referendum əsas məsələlərdən biridir. Bunun üçün isə ölkədə ictimai sabitlik olmalıdır. Bütün bunlar nəticə etibarı ilə Baş nazir Nikol Paşinyanı Konstitusiya dəyişikliyindən və bununla bağlı referendum keçirməkdən çəkindirə bilərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər təsadüfi texniki tədbirlər deyil: “Bu, daha çox siyasi mesaj xarakteri daşıyan təzyiq elementidir. Rusiya nəzarət orqanları müxtəlif vaxtlarda Ermənistan istehsalı olan kənd təsərrüfatı məhsullarını sanitar və fitosanitar standartlara cavab verməməsi səbəbindən bazardan çıxarsa da, bu qərarların ardıcıllığı və əsasən eyni sektoru hədəf alması onların siyasi motivli olduğu barədə təsəvvürü gücləndirir. Xüsusilə Rusiyanın Ermənistanın əsas ixrac bazarlarından biri olaraq qalması bu cür məhdudiyyətlərin iqtisadi təsirini daha da artırır. Ən böyük zərbə şübhəsiz ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, emal müəssisələrinə və ixracatçılara dəyir. Məhsulun satış bazarının daralması gəlirlərin azalmasına, logistika zəncirinin pozulmasına və istehsalçıların əlavə maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur. Bu isə iqtisadi narazılığı tədricən sosial narazılığa çevirə bilər. Xüsusilə regionlarda yaşayan əhali üçün kənd təsərrüfatı əsas gəlir mənbəyi olduğundan, problemlər hökumətin sosial-iqtisadi siyasətinə də təsir göstərir”.
R. Bayramovun fikrincə, bu kontekstdə Ermənistanın yeni Konstitusiyası ilə bağlı planlaşdırılan referendum xüsusi əhəmiyyət daşıyır: “Belə siyasi proseslərin uğurlu keçirilməsi üçün təkcə hüquqi hazırlıq deyil, həm də sabit ictimai mühit vacibdir. Əgər iqtisadi çətinliklər dərinləşərsə, gündəlik sosial problemlər konstitusiya islahatlarını ictimai gündəmdən sıxışdırıb çıxara bilər. Belə şəraitdə hökumət referendumun keçirilməsi ilə bağlı prosesi daha əlverişli siyasi mərhələyə saxlamağa üstünlük verə bilər. Çünki iqtisadi narazılığın artdığı dövrdə seçicilərin hakimiyyətə münasibəti referendumun nəticələrinə də təsir göstərə bilər. Amma Rusiyanın təzyiq siyasətinin gözlənilməyən nəticələr doğurmaq ehtimalı da az deyil. Moskvanın hesablamasına görə iqtisadi rıçaqlar İrəvanı xarici siyasətdə daha ehtiyatlı davranmağa sövq etməlidir. Lakin Ermənistan cəmiyyətində son illərdə formalaşan siyasi dinamika göstərir ki, açıq təzyiq əksinə, Rusiyaya qarşı mənfi münasibətləri gücləndirə bilər. Əgər sahibkarlar, fermerlər və adi vətəndaşlar iqtisadi itkilərin səbəbini Moskvanın siyasi qərarlarında görməyə başlasalar, bu, Rusiyaya etimadın daha da azalmasına gətirib çıxara bilər.
Son dövrlərdə Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini genişləndirməsi, ABŞ və digər Qərb tərəfdaşları ilə siyasi dialoqu intensivləşdirməsi də göstərir ki, İrəvan xarici siyasətdə alternativ istiqamətlər axtarışından imtina etmək fikrində deyil. Belə şəraitdə iqtisadi təzyiqlər İrəvanın geri çəkilməsinə deyil, əksinə iqtisadi və siyasi asılılığın azaldılması istiqamətində addımları sürətləndirməsinə stimul verə bilər. Demək istədiyim odur ki, iqtisadi təzyiq hər zaman istənilən siyasi nəticəni vermir. Əksinə, bəzən cəmiyyətlərdə milli həmrəylik hissini gücləndirərək alternativ tərəfdaşlara yönəlməni sürətləndirir. Ümumiyyətlə isə, Rusiyanın iqtisadi məhdudiyyətləri qısamüddətli perspektivdə Ermənistanda sosial narazılığı artırmaqla hökumətin siyasi gündəmini, o cümlədən Konstitusiya referendumu ilə bağlı planlarını mürəkkəbləşdirə bilər. Lakin uzunmüddətli perspektivdə eyni təzyiqlərin əks effekt verməsi, Ermənistan cəmiyyətində Rusiyadan strateji məsafələşməni sürətləndirməsi və hakimiyyətin iqtisadi-ticarət əlaqələrini daha geniş coğrafiyada diversifikasiya etmək istiqamətində siyasətini gücləndirməsi də baş verə bilər. Bu baxımdan Moskvanın iqtisadi rıçaqları müəyyən taktiki nəticələr versə də, onların Ermənistanın strateji xarici siyasət seçiminə təsiri gözlənildiyindən fərqli ola bilər”.
Vidadi ORDAHALLI