Elşən Manafov: “Məlum layihələr ətrafında maraqları üst-üstə düşməyən tərəflər ölkəmizə qarşı kampaniya aparır”
Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransın iştirakçıları ilə görüşündə bildirib ki, ölkəmiz gücləndikcə bizə qarşı Qərbdə çirkin media kampaniyası aparılır:
“İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, Qərbdə media qurumlarında Azərbaycan əleyhinə aparılan qarayaxma təbliğatı bu qurumlarının fəaliyyətinə ciddi nəzarət və təzyiq imkanları olan qlobalist dairələrin işidir: “Bu, həm də erməni diasporası tərəfindən maliyyə dəstəyi alan və buna görə də sifarişli zəmində yazılar verən media maqnatlarının maraqları ilə bağlıdır. Müasir dünyada getdikcə qlobal masştabda təhdidlər beynəlxalq maliyyə mərkəzlərinin, habelə qlobalist dairələrin sifarişləri konteksində güclənməkdədir. Dünyanın çoxqütblü olması proseslərini əngəlləməyə çalışan dairələr bununla bağlı mübarizəni təkcə iqtisadi, enerji təhlükəsizliyi, tranzit əhəmiyyətə malik qovşaqlar ətrafında aparmırlar. Bu mübarizənin geosiyasi reallıqları onun media üzərində aparılması və deməli beynəlxalq ictimai rəyin bəlli dairələrin maraqlarına uyğun konteksdə formalaşdırılması zərurətini də doğurur. Azərbaycanın özünün milli maraqlarına, regionda stabillik və sabitliyin təmin olunmasına yönəlik coxvektorlu siyasəti Avropada bəlli dairələri, habelə erməni diasporası ilə bağlı tərəfləri qane etmir. Xüsusilə regiondan keçən dəhlizlərlə bağlı məsələlərdə rəsmi Bakının həm Tramp marşrutu, həm Çinin "bir kəmər, bir yol" layihəsi və həm də "Şimal -Cənub" dəhlizinin perspektiv inkişafı ilə bağlı məsələlərə mövqe və baxışları bəzi dairələri qane etmir. Məlum layihələr ətrafında maraqları üst-üstə düşməyən tərəflər ölkəmizə qarşı kampaniya aparır. Bununla bağlı cəhdlərinin qarşısı isə rəsmi Bakı tərəfindən uğurla alınır. Bu da tərəfləri Azərbaycanla münasibətlərdə təhdid dilində danışmağa sövq edir. Lakin bu təhdidi əksər hallarda məlum dairələr əsasən media üzərindən aparmağa səy göstərirlər və ya ikili standartlar işə düşür. Avropa Şurası Parlament Assambleyasının mövqe və qərarı Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyindən fərqli olduğu kimi”.
Vidadi ORDAHALLI