Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xarici aktivlərin müvəqqəti idarəetməyə verilməsindən kənara çıxaraq onların məcburi şəkildə müsadirə edilməsi və dövlət mülkiyyətinə keçirilməsini təklif edib. O, Rusiya hakimiyyətinin “Nestle”, “Auchan” və digər xarici şirkətlərin aktivlərini müvəqqəti idarəetməyə vermək qərarına münasibət bildirib.
Medvedev Telegram kanalında yazıb: “İdeal olaraq, xarici aktivlərin müvəqqəti idarə edilməsindən kənara çıxmalıyıq. O, Sovet hakimiyyətinin ilk aktlarını misal gətirib və onun sözlərinə görə, bu aktlarda xarici fabrik və zavodlar zorla və pulsuz olaraq dövlətə verilib”.
Təhlükəsizlik Şurasının sədr müavini daha sonra yazıb ki, heç kim heç kimə heç nə qaytarmayıb.
Medvedev mümkün tədbirləri Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya siyasəti ilə əlaqələndirib. O, bildirib ki, Avropa dövlətləri Rusiya biznesinə məhdudiyyətlər tətbiq edir və Ukraynanı dəstəkləməyə davam edir, Rusiyada fəaliyyət göstərən öz şirkətlərini isə toxunulmaz hesab edirlər.
Sentyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin Nestlé, FM Logistic, Auchan, Lehman Pro və digər 12 şirkətin aktivlərinin müvəqqəti idarəetməyə verilməsi barədə fərman imzalayıb. Aktivlərin idarə edilməsi 2024-cü ildə qurulan L.E.V. Management şirkətinə həvalə edilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qərarı belə izah edib ki, sözügedən şirkətlər Rusiya hakimiyyətinin dost olmayan hesab etdiyi ölkələrə aiddir.
Onun sözlərinə görə, L.E.V. Management idarəetmə şirkəti kimi seçilib, çünki o, tələb olunan parametrlərə ən yaxşı cavab verir.
Eyni zamanda, Medvedevin aktivlərin məcburi şəkildə müsadirə edilməsi təklifi onun öz təşəbbüsüdür.
Tahir TAĞIYEV