Səudiyyə Ərəbistanındakı Taif hava bazasına edilən hücumda İtaliyaya məxsus Eurofighter F-2000 qırıcı təyyarəsi vurulub. Taif hava bazası cümə axşamı gecə saatlarında həyata keçirilən hücumlarda hədəfə alınıb. Hücum zamanı bazada olan İtaliyanın Eurofighter F-2000 qırıcı təyyarələrindən birinin vurulduğu məlum olub.
İtaliyanın müdafiə naziri Qvido Krosetto, Müdafiə Baş Qərargahının rəisi, general Luçiano Portolano ilə birlikdə hadisələri yaxından izlədiyini açıqlayıb. Krosetto bildirib ki, "Təbii Qətiyyət" əməliyyatının bir hissəsi olaraq italyan personalının yerləşdiyi Taif hava bazası bir gecə ərzində çoxsaylı hücumlara məruz qalıb.
Nazir İtaliya qırıcı təyyarəsinin bazanın mərkəzi hissəsindən uzaqda kənarda olduğu vaxt vurulduğunu bildirib: "Bazanın mərkəzi olmayan bir hissəsində olan İtaliya F-2000 təyyarəsi hücumda vuruldu".
Krosetto hücumda heç bir italyan hərbçisinin xəsarət almadığını deyib. Nazir bildirib ki, İtaliya qüvvələri tərəfindən istifadə edilən digər nəqliyyat vasitələrində və infrastrukturda heç bir ziyan aşkar edilməyib.
İtaliyanın "Eurofighter" təyyarəsinə dəyən ziyanın miqyası ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Eurofighter Typhoon qırıcı təyyarələri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreynin hava məkanını qorumaq missiyasının bir hissəsi olaraq İtaliya tərəfindən Körfəz bölgəsinə yerləşdirilib. İtaliyanın təxminən 700 nəfərlik heyətlə həyata keçirdiyi missiyanın təfərrüatları son aylarda italyan jurnalist Fausto Biloslavonun reportajı ilə üzə çıxıb.
"Hava Qüvvələri – Ərəbistan" və "Quru Qüvvələri – Ərəbistan" adlanan xüsusi təyinatlı qüvvələrə bölgədə təxminən 400 İtaliya Hərbi Hava Qüvvələri şəxsi heyəti və 300 quru qoşunu daxildir. Səudiyyə Ərəbistanındakı Taif Hava Bazası bu əməliyyatlar üçün əsas ön bazalardan biridir.
İtaliya hərbi mövcudluğu yalnız Eurofighter qırıcı təyyarələri ilə məhdudlaşmır. Regionda erkən xəbərdarlıq və hava müşahidə təyyarələri, C-130J nəqliyyat təyyarələri, hava hücumundan müdafiə radarları, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və hava hücumundan müdafiə elementləri də fəaliyyət göstərir.
İtaliya qüvvələri 2026-cı ilin mart ayında İranın Küveytdəki Əli Əl-Salem Hava Bazasına hücumundan da birbaşa təsirlənmişdi. Hücum zamanı İtaliya Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A Reaper pilotsuz uçuş aparatı məhv edilib və xidmətdə olan Eurofighter Typhoon qırıcı təyyarələrindən birinə ciddi ziyan dəyib.
Hücumdan sonra bazada yerləşən digər üç Eurofighter təhlükəsizlik səbəbləri ilə İtaliyaya geri çəkilib və İtaliya Hərbi Hava Qüvvələri daha sonra qırıcı təyyarələri Səudiyyə Ərəbistanının qərbindəki Taif Hava Bazasına köçürüb. İtaliya təyyarələri bölgədə patrul və mühafizə vəzifələrini buradan davam etdirərkən, son hücumda Taifdə yerləşən Eurofighter F-2000 təyyarəsinin vurulduğu açıqlanıb.
Tahir TAĞIYEV