Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dini liderlərinin, dünən isə təhlükəsizlik şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT ilə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli xarakter daşıdığını göstərir.
Qısa müddət ərzində həm dini-humanitar, həm də təhlükəsizlik istiqamətində yüksək səviyyəli tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma rolunun gücləndiyini göstərən mühüm amil kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün əlverişli və etibarlı məkan kimi qəbul olunduğunu nümayiş etdirir.
Son günlər Bakıda Türk Dövlətləri Təşkilatının dini rəhbərlərinin, ardınca isə təhlükəsizlik üzrə rəhbər şəxslərinin görüşlərinin keçirilməsi diqqət çəkir. Bu görüşlərin qısa zaman kəsiyində baş tutmasını TDT-nin Avrasiyada siyasi, təhlükəsizlik və mənəvi-humanitar istiqamətləri birləşdirən etibarlı və təsirli bir əməkdaşlıq formatına çevrilməsinin göstəricisi kimi qiymətləndirmək olarmı? Təhlükəsizlik və dini liderlərin ardıcıl görüşləri dünyaya və regiona hansı mesajları verir və TDT-nin gələcəkdə daha mötəbər beynəlxalq təşkilata çevrilməsi baxımından bu toplantıların əhəmiyyəti nədən ibarətdir?
Azər Həsrət: “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər” qəzetinə müsahibəsində Prezident İlham Əliyevin türk dövlətləri təşkilatının imkanlarının və rolunun artırılması istiqamətindəki fikirlərini yüksək qiymətləndirib. Ekspert qeyd edib ki, dövlət başçısı türk dünyasının Azərbaycanın yeganə ailəsi olduğunu vurğulamaqla yanaşı, ilk dəfə olaraq türk cümhuriyyətlərinin bütün türklərin, o cümlədən azərbaycanlıların ümumi vətəni olduğunu açıq şəkildə ifadə edib.
Müsahibədə Azərbaycanın türk dövlətləri təşkilatındakı aparıcı və lokomotiv roluna xüsusi diqqət çəkilib. Xatırladılıb ki, təşkilatın təməli məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda qoyulub. Azərbaycan bu gün də qurumun daha funksional və güclü bir struktura çevrilməsi üçün səylərini əsirgəmir.
Azər Həsrət qeyd edib ki, Azərbaycanın strateji hədəfləri məhz türk dünyası ilə sıx inteqrasiyaya əsaslanır:
- Azərbaycan sözdə deyil, əməldə türk millətinin maraqları üçün çalışır.
- Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın əsas hədəfi türk dövlətləri təşkilatı çərçivəsində birlik nümayiş etdirməkdir.
- Perspektivdə türk dövlətləri təşkilatının daha geniş coğrafiyanı əhatə edəcəyi, yeni müstəqil türk dövlətlərinin yaranacağı və təşkilatın sıralarının genişlənəcəyi gözlənilir.
Bu təhlil Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlığın prioritet istiqamət olduğunu və ölkəmizin bu prosesdə həlledici rol oynadığını bir daha təsdiqləyir.
Dəniz NƏSİRLİ