ABŞ Müharibə Nazirliyi (Pentaqon) Konqresə bildirib ki, ABŞ-ın İranla müharibəsi ölkə büdcəsinə təxminən 45,1 milyard dollara başa gəlib .
CNN məsələ ilə tanış olan iki mənbəyə istinadən xəbər verir ki, 3 sentyabr tarixinə olan xərclər 43,6 milyard dollar təşkil edib, daha 1,5 milyard dollar da əlavə yanacaq xərclərindən qaynaqlanır. Lakin Pentaqonun qiymətləndirməsi müharibənin tam dəyərini əks etdirmir. Xüsusilə, zədələnmiş hərbi bazaların və digər obyektlərin təmiri xərcləri buraya daxil deyil. Bundan əlavə, Pentaqon qanunvericilərin əvvəllər tələb etdiyi hərbi əməliyyatların dolayı xərclərinin ətraflı qiymətləndirməsini Konqresə təqdim etməyib.
Yeni rəqəm artıq Konqresin Büdcə İdarəsinin 1 avqust tarixinə olan məlumatında müharibənin ölkəyə təxminən 38 milyard dollara başa gəldiyi dəyərləndirməsindən çoxdur. İyul ayında Pentaqon xərcləri 37,5 milyard dollar olaraq qiymətləndirmişdi.
Konqresin Büdcə İdarəsi həmçinin qeyd edib ki, onun hesablamalarına müharibə zamanı zədələnmiş Amerika obyektlərinin bərpası xərcləri daxil deyil. Agentlik xərclərin əsas hissəsinin sursat üçün olduğunu təxmin edir. Büdcə İdarəsi müharibənin 1 avqustdan sonra ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gələcəyini proqnozlaşdırmışdı. Lakin, şiddətlənmiş döyüşlərdən dolayı aylıq xərclər daha yüksək ola bilər.
Agentlik həmçinin Konqresə müharibənin davam etdirilməsinin 2027-ci ilin birinci rübündə ABŞ-da inflyasiyanı daha da artıra biləcəyi barədə xəbərdarlıq edib. Bütün bunlar, amerikalılar arasında iqtisadiyyatın vəziyyəti ilə bağlı artan narahatlıq fonunda baş verir.
Tahir TAĞIYEV