Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində güclü partlayış baş verib.
"Geo News"un məlumatına görə, partlayış Xeybər-Paxtunxva əyalətinin Kohat rayonundakı polis idarəsi kompleksinin ərazisində yerləşən məsciddə baş verib.
Kohat Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tahir Əli Şah bildirib ki, partlayış nəticəsində 15 nəfər həyatını itirib, xəsarət alan 50-dən çox şəxs isə müalicə olunur.
Polis rəsmiləri bildiriblər ki, cümə namazı zamanı baş verən güclü partlayış məscidin qarşısında çuxur yaradıb, binanın xarici hissəsinə ciddi ziyan vurub və divarın uçmasına səbəb olub.
Hadisədən sonra partlayışın baş verdiyi Kohat-Hangu yolu nəqliyyatın hərəkəti üçün bağlanıb və Kohat Rayon Mərkəzi Xəstəxanasında fövqəladə vəziyyət elan edilib.
Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.