Tramp, Çinin xəbərdarlıqlarına baxmayaraq, Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin satışını təsdiqləyib. Donald Tramp ötən ilin noyabrında Ağ Evdə Məhəmməd bin Salmanla 24,3 milyard dollarlıq saziş barədə razılığa gəlib. Çinin bu döyüş təyyarələrinin texnologiyasını ələ keçirə biləcəyinə dair narahatlıqlara baxmayaraq, ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq. Dəyəri 24,3 milyard dollar (18,2 milyard funt-sterlinq) olan bu sazişlə bağlı razılıq ötən ilin noyabrında, Donald Trampın Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və faktiki lideri Məhəmməd bin Salmanla görüşü zamanı əldə edilib. Kəşfiyyat analitiklərinin çoxsaylı hesabatlarında Pekin və Krallıq arasındakı təhlükəsizlik tərəfdaşlığı çərçivəsində Çin tərəfindən həyata keçirilə biləcək casusluq fəaliyyəti ilə bağlı narahatlıqlar ifadə olunub. Bir neçə ay əvvəl ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyi hesabat yayaraq bildirmişdi ki, Çin hərbçilərinin Səudiyyə bazalarına çıxış əldə etməsi və Səudiyyə Ərəbistanının Çin texnologiyasından istifadəsi F-35 qırıcılarının texnologiyasını təhlükə altına sala bilər. Nümayəndələr Palatasının üzvü Raja Krishnamoorthi (Demokrat, İllinoys ştatı) xəbərdarlıq etmişdi ki, bu saziş "Amerika hərbi texnologiyasının ən qiymətli nailiyyətlərini Çin Kommunist Partiyası üçün əlçatan edə bilər". Saziş elan edilərkən Tramp ilkin olaraq təhlükəsizliklə bağlı narahatlıqları əhəmiyyətsiz hesab etmiş və ABŞ Dövlət Departamenti satışa razılıq vermişdi. Cümə axşamı satışla bağlı verilən açıqlamada Dövlət Departamenti bildirib ki, bu addım "Fars körfəzi regionunda siyasi sabitlik və iqtisadi tərəqqi amili olan, NATO-ya üzv olmayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməklə" ABŞ-ın xarici siyasətini dəstəkləyəcək.
SAMİRƏ