Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsindəki Rusiya hərbi bazasının təhlükəsizlik üçün vacib olmadığını və buna ehtiyac duymadıqlarını bildirib.
"Bizə Rusiya hərbi bazası lazım deyil. Əgər onlar bazanı çıxarmaq istəyirlərsə, bunu sabah edə bilərlər. Əgər qalmaq istəyirlərsə, biz Ermənistanda ehtiyac duymadığımız bazanın yerləşdirilməsi şərtlərini müzakirə etməyə hazırıq. Bu mövqedə nə aydın deyil?" – deyə Paşinyan bildirib
Baş bildirib ki, onlar heç vaxt Ermənistanda fəaliyyət göstərən Rusiya hərbi bazası məsələsini qaldırmayıb: “İndi Rusiya bunu gündəmə gətirib və biz bu müzakirə ilə bağlı mövqe tuturuq. Əgər onlar bunu geri çəkmək istəyirlərsə, geri çəksinlər".
Paşinyan deyib ki, 102-ci Hərbi Baza Ermənistanın təhlükəsizliyi üçün vacib deyil: “Heç bir rəsmimiz bu məsələni qaldırmayıb və ya heç bir Rusiya rəsmisinə belə bir sual verməyib. Əgər onlar bazanı geri çəkmək qərarına gəlsələr, biz etiraz etməyəcəyik. 102-ci Hərbi Baza heç bir şəkildə Ermənistanın təhlükəsizliyinə töhfə vermir. Əgər onlar onu geri çəkmək istəməsələr, biz bu məsələni də müzakirə etməyə hazırıq".
Paşinyan bir daha vurğulayıb ki, Ermənistan balanslı xarici siyasət və tarazlığı qorumaq siyasəti yürüdür. "Bizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla hədələmək lazım deyil. Əgər bizi çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Əgər çıxarmaq istəmirlərsə, çıxarmasınlar", - deyə Paşinyan bildirib.
Sentyabrın 2-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ermənistanın ehtiyac duymadığı təqdirdə, Rusiya hərbi bazasını "hətta sabah" belə çıxarmağa hazırdır. Putin həmçinin bildirib ki, əgər Ermənistan tərəfi Rusiya hərbi mövcudluğunu saxlamaq istəsə, Moskva əməkdaşlığı davam etdirməyə hazırdır.
Tahir TAĞIYEV