İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
Lakin onun təyyarəsi iclasın keçirildiyi Nyu-Yorkda deyil, qonşu Nyu-Cersi ştatında eniş edəcək. Nyu-York rəsmisi Zohran Mamdani daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunu şəhərdə görmək istəmədiyini bildirmişdi. Mamdani Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı çıxarılan Netanyahunu həbs etmək istədiyini dəfələrlə dilə gətirib. Sonradan isə o, özünün belə bir səlahiyyəti olmadığını, lakin federal rəsmilərin bunu edə biləcəyini qeyd edib. Netanyahunun BMT Baş Assambleyası üçün ABŞ-a səfərinə çox az vaxt qalmış həbs təhlükəsi yenidən gündəmə gəlib və bu, ABŞ Gizli Xidmətinin (Secret Service) məsələyə müdaxilə etməsinə səbəb olub.
İsrail mətbuatı xəbər verib ki, qeyri-adi bir addım olaraq, Netanyahu Nyu-Yorkda deyil, Nyu-Cersidə eniş edəcək. ABŞ mənbələri iddia edir ki, İsrail Baş nazirinin ofisinin əməkdaşları və Netanyahunun şəxsi mühafizə dəstəsindən ibarət qrup səfər təfərrüatlarını dəqiqləşdirmək və ilkin hazırlıqları görmək üçün həftələr əvvəl ABŞ-a səfər edib. Buna uyğun olaraq, təhlükəsizlik əməkdaşları və Gizli Xidmət nümayəndələri Netanyahunun təyyarəsinin təhlükəsizliyi və səfər müddətində harada saxlanılacağı ilə bağlı Nyuark (Newark) Hava Limanının rəhbərliyi ilə müzakirələr aparıblar. Eyni zamanda, İsrailin Baş nazirinin BMT-yə səfəri Nyu-Yorkdakı hüquq-mühafizə orqanlarını da təhlükəsizlik tədbirləri görməyə sövq edib. Nyu-York Polis Departamenti BMT-nin mərkəzi qərargahı qarşısında irimiqyaslı etiraz aksiyalarının keçirilməsinə qarşı tədbirlər gördüyünü açıqlayıb. Netanyahunun Nyu-Yorka gələcəyi təqdirdə həbs qərarının icra edilib-edilməyəcəyi ilə bağlı Mamdani bunları deyib: "Biz Nyu-York şəhərinin qanunları çərçivəsində bizə verilən səlahiyyətlər daxilində hərəkət edəcəyik, lakin bu məqsədlə öz qanunlarımızı hazırlamayacağıq".
SAMİRƏ