İranla müharibə zamanı Amerika hərbi kəşfiyyatında süni intellekt xətası ABŞ və Çin arasında az qala toqquşmaya səbəb olacaqmış. CNN məsələ ilə tanış olan dörd mənbəyə istinadən bildirib ki, ABŞ ordusunda yayılmış bir kəşfiyyat hesabatında Yaxın Şərqdəki Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.
Hesabat təqdim edildikdən sonra ABŞ ordusu gəmini ələ keçirmək üçün hazırlıqlara başlayıb. İki mənbəyə görə, xüsusi təyinatlılar gəmiyə minməyə hazırlaşıblar. Digər iki mənbə isə hərbi təyyarələrin havaya qaldırıldığını bildirib. Lakin ABŞ hakimiyyəti məlumatları daha ətraflı yoxlamağa başladıqdan sonra əməliyyat dayandırılıb. Məlum oldu ki, hesabat süni intellektdən istifadə edilərək hazırlanıb və analitikin istifadə etdiyi çatbot Çin gəmisinin yükünü səhv müəyyən edib.
CNN-in məlumatına görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki gəminin yükü haqqında kəşfiyyat məlumatlarını təhlil etmək üçün çatbotdan istifadə edib. Sistem açıq mənbəli məlumatları ABŞ hakimiyyət orqanlarının əlində olan məxfi elektron kəşfiyyat məlumatları ilə birləşdirib və yükün təbiəti barədə səhv nəticəyə gəlib. Daha sonra süni intellektin məlumatı standart kəşfiyyat hesabatı hazırlamaq üçün istifadə edilib və ardınca isə hesabat orduya paylanıb.
Gəminin əslində nə daşıdığını müəyyən etmək mümkün olmayıb. CNN ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitikinin hansı süni intellekt xidmətindən - kommersiya çatbotundan, yoxsa ABŞ hökuməti üçün hazırlanmış sistemdən istifadə etdiyini müəyyən edə bilməyib.
Bir mənbə kəşfiyyat hesabatını "tamamilə yalan" adlandırıb və hadisənin "az qala müharibəyə səbəb olduğunu" bildirib. Amerika hərbi əməliyyatının Çin gəmisinə qarşı potensial hücumu iki ölkə arasında birbaşa münaqişə riski səbəbindən xüsusilə ciddi nəticələrə səbəb ola bilərdi.
Hadisə ABŞ ordusu tərəfindən süni intellektdən genişlənən istifadə fonunda baş verib. Yanvar ayında ABŞ müdafiə naziri Pit Heqset silahlı qüvvələrdə süni intellektin tətbiqini sürətləndirmək üçün strategiya elan edib.
Tahir TAĞIYEV