18 sentyabrda Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan-Amerika ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələrdə Ermənistan MN nümayəndələri, ABŞ Müdafiə katibinin müavini Endryu Lumis, Kanzas Milli Qvardiyasının komandanı briqada generalı Pol Şnayder və ABŞ Müdafiə Nazirliyinin müxtəlif strukturlarının nümayəndələri iştirak ediblər.
Məsləhətləşmələr zamanı son illərdə Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramların nəticələri ümumiləşdirilib. Tərəflər həmçinin bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialı araşdırıblar.
Məsləhətləşmələrə yekun vuran general-mayor Yeroyan vurğulayıb ki, müəyyən edilmiş bütün sahələrdə əməkdaşlıq Ermənistan Silahlı Qüvvələrinin transformasiya prosesinin bir hissəsi olaraq həyata keçirilir.
Öz növbəsində, ABŞ Müdafiə katibinin müavini Endryu Lumis bildirib ki, ABŞ Ermənistanda davam edən müdafiə islahatlarını dəstəkləməyə davam edəcək.
Onun sözlərinə görə, ABŞ Ermənistan ordusunun transformasiyasında, o cümlədən məsləhətləşmə, təcrübə mübadiləsi və digər sahələrdə dəstək proqramlarının bütün potensialından istifadə etmək niyyətindədir.
Məsləhətləşmələrdən sonra tərəflər görülən işlər və əldə edilən razılaşmalar barədə protokol imzalayıblar.
Tahir TAĞIYEV