Mənbələrin məlumatına görə, Prezident Donald Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üzərində ABŞ-ın səlahiyyətlərinin miqyası ilə bağlı açıqlamaları doğru deyil.
"Danışıqlara yaxın iki şəxs bildirib ki, Trampın Qrenlandiyanın təhlükəsizliyi üzərində daimi nəzarət sazişi, ABŞ-ın ada üzərindəki yeni hüquqlarının miqyasını şişirdir. ABŞ hərbi rəsmisi qeyd edib ki, müqaviləyə əsasən, ABŞ Danimarka və Qrenlandiyadakı tərəfdaşları ilə işləyəcək, lakin onları idarə etməyəcək", - deyə “The New York Times” mənbələrə istinadən, bildirir.
Bundan əlavə, Danimarka və Qrenlandiya nümayəndələri Vaşinqtonun Qrenlandiya iqtisadiyyatına böyük investisiyaların təsdiqlənməsi üzərində veto hüququ aldığını təsdiqləməyiblər. Mənbələrə görə, Amerika nümayəndələri əvvəllər danışıqlar zamanı bu səlahiyyəti əldə etməkdə israr etmişdilər.
Qrenlandiya sazişinin gələn həftə BMT Baş Assambleyasında imzalanması gözlənilir. Sazişin təfərrüatları bəlli deyil.
Tramp Danimarka və Qrenlandiya ilə tarixi bir razılaşma əldə etdiklərini və Qrenlandiya üzərində nəzarətin birdəfəlik ABŞ-a keçdiyini açıqlayıb. Tramp razılaşmanın ABŞ-a heç bir xərc gətirməyəcəyini deyib. O, iddia edib ki, müqavilə ABŞ-a "Qrenlandiyada təhlükəsizlik və digər məsələlər üzərində daimi nəzarət" verəcək. O əlavə edib ki, ABŞ dərhal Qrenlandiyanın bir çox uyğun ərazilərində hərbi qüvvələr yerləşdirməyə başlayacaq.
"Bundan əlavə, bu andan etibarən ABŞ-ın heç bir rəqibi bizim yazılı icazəmiz olmadan Qrenlandiyada baza qura, orada hərbi mövcudluğu saxlaya və ya oraya əhəmiyyətli investisiyalar yatıra bilməz", - deyə Tramp qeyd edib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə öz növbəsində bildirib ki, müqavilədə Danimarkanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılacaq.
Qrenlandiya Arktika təhlükəsizliyinin mərkəzi, dəniz yolları üçün başlanğıc nöqtəsi və nadir torpaq metalları və digər ehtiyatlara ev sahibliyi edən ərazi hesab olunur. Qərb mediası adada qrafit, mis, sink, qızıl, almaz, dəmir filizi, titan, vanadium və uran yataqlarının olduğunu qeyd etsə də, geoloji kəşfiyyat işləri hələ tam başa çatmayıb.
Son həftələrdə hərbi rütbəlilər bazaların yenidən açılmasına hazırlıq görmək üçün adaya baş çəkiblər. Bu həftə bir qrup Amerika hərbi qulluqçusu Qrenlandiyanın cənubundakı Narsarsuaqdakı uçuş-enmə zolağını yoxlayıb.
Tahir TAĞIYEV