İranın "Bəsic" qüvvələri Hörmüz boğazının İranın tam nəzarətində olduğunu bəyan edib. Vaşinqton isə bundan əvvəl ABŞ qüvvələrinin bu vacib su yoluna nəzarət etdiyini bildirmişdi. Fevralın sonunda ABŞ və İsrail İranla müharibəyə başlayandan Tehran boğazdan gəmilərin hərəkətini dayandırıb. Bu isə neft ehtiyatlarının azalmasına və dünya üzrə enerji qiymətlərinin yüksəlməsinə səbəb olub.
ABŞ prezidenti Donald Tramp isə israr edir ki, boğaza Amerika nəzarət edir: "Tam nəzarət bizdədir. Ora bizimdir". İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatının keçmiş rəhbəri Hüseyn Taib Trampın bu açıqlaması ilə razılaşmayıb. Taib ötən həftə SEPAH-ın "Bəsic" təşkilatının rəhbəri təyin edilib. O, Qum şəhərində dini liderlərlə görüşdə deyib: "Hörmüz boğazı İran İslam Respublikasının nəzarəti və idarəçiliyi altındadır, ölkə tam təhlükəsizlik şəraitində öz yoluna davam edir". İran bu kritik su yolunu bağlayıb, Vaşinqtonla danışıqlarda bundan əsas təzyiq vasitələrindən biri kimi istifadə edir. Tramp İranla müharibə başlayanda əsas məqsədin Tehranın nüvə təhdidini aradan qaldırmaq olduğunu bildirib. Son həftələr isə diqqət Hörmüzdən gəmilərin sərbəst keçidinin təmin edilməsinə yönəldib. Müharibədən əvvəl dünyada neft və təbii qaz tədarükünün 20 faizi bu boğazdan keçirdi.
İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsün Rzayi qeyd edir ki, Hörmüz boğazının yenidən açılması üçün ABŞ İranla müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini geri qaytarmalıdır. Rzayinin sələfi Məhəmməd Baqir Zülqədr də ötən həftə oxşar şərtlərdən danışırdı. Donald Tramp isə bir gün əvvəl jurnalistlərə demişdi ki, ABŞ Hörmüz boğazını bütünlükdə minalardan təmizləyib və faktiki ona nəzarəti ələ keçirib. Tramp deyib ki, onun İranla müharibədəki variantlarından biri Tehranın iqtisadi vəziyyətinin daha da pisləşməsinə nail olmaqdır. Digər variant isə onlara gerçəkdən çox, çox ağır zərbə endirməkdir.
Tahir TAĞIYEV