Asif İbrahimov: “Naxçıvan gələcəkdə Azərbaycanın Türkiyəyə, daha sonra isə Avropa bazarlarına elektrik enerjisi, xüsusilə bərpa olunan enerji ixracında mühüm tranzit və bağlantı məntəqəsinə çevrilə bilər”
Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə, nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq.
Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident Əliyev buna misal olaraq bildirib: “Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır”.
Zəngəzur dəhlizindən Naxçıvana elektrik xətti niyə zəruridir? Bu xətt Naxçıvanın elektriklə təminatı üçündür, ya Naxçıvan üzərindən Türkiyəyə və Avropaya elektrik ixracı üçün?
İqtisadçı Asif İbrahimov baki-xeber.com-a bildirdi ki, Zəngəzur dəhlizi ilkin olaraq nəqliyyat layihəsi olaraq gündəmə gəlsə də, onu nəqliyyat layihəsi kimi görsək də, bu gün onun iqtisadi, enerji əhəmiyyəti daha geniş çərçivədə qiymətləndirməlidir: “Azərbaycan ərazindən Ermənistan vasitəsilə ölkəmizin digər hissəsi olan Naxçıvana elektrik xəttlərinin çəkilməsi layihəsi bu baxımdan Zəngəzur dəhlizinin mühüm enerji komponentidir. Bu xəttin ilk növbədə Naxıvanın Azərbaycanın vahid enerji sisteminə qoşulması və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Naxçıvanın enerji təminatının daha dayanıqlı və etibarlı olması regionun iqtisadi fəallığına, sənaye və investisiya imkanlarının genişləndirilməsinə də müsbət təsir göstərə bilər. Amma layihənin iqtisadi potensialı yalnız Naxçıvanın daxili tələbatını ödənilməsi ilə məhdudlaşmayacağını düşünürəm. Naxçıvan gələcəkdə Azərbaycanın Türkiyəyə, daha sonra isə Avropa bazarlarına elektrik enerjisi, xüsusilə bərpa olunan enerji ixracında mühüm tranzit və bağlantı məntəqəsinə çevrilə bilər. Bu isə enerji ixracının şaxələndirilməsi baxımdan Azərbaycan üçün yeni imkanlar yaradır. Beləliklə, Zəngəzur dəhlizi təkcə yol və dəmir yolu layihəsi deyil, gələcəkdə nəqliyyat, enerji və rəqəmsal bağlantıları birləşdirən çox funksiyalı iqtisadi dəhlizə çevrilə bilər”.
A.İbrahimovun fikrincə, Naxçıvana enerji xətti isə bu strategiyanın mühüm hissəsi olmaqla həm Naxçıvanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanın Qərb istiqamətində yeni enerji ixracı imkanlarının formalaşdırılmasında xidmət edən amil kimi qiymətləndirmək olar.
İradə SARIYEVA