Hesablama Palatasına yeni səlahiyyətlər verilib.
Bu, Prezident İlham Əliyevin “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında öz əksini tapıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.
Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.