İsrailin Baş naziri Benyamin Netanyahu Britaniyanın İsrailə qarşı siyasətini kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası" adlandırıb.
Netanyahu, keçmişdən fərqli olaraq, müasir Britaniyada İsrail tarixinin obyektiv və ya rəğbətlə işıqlandırılmasının mümkün olmadığını deyib və Uinston Çörçillin nəvəsinin 1967-ci ildə Altı Günlük Müharibəni necə işıqlandırdığını xatırladıb.
Baş nazir Avropadakı demoqrafik və siyasi dəyişikliklərlə bağlı çox kəskin bir fikir də səsləndirib: "Kimsə dedi ki... nüvə silahına sahib ilk İslam respublikası Britaniya İslam Respublikası olacaq. Buna görə də biz İranın bu imkana sahib olmaması üçün əlimizdən gələni edirik".
Bu açıqlamalar London və Təl-Əviv arasında Qəzza müharibəsi ilə bağlı davam edən gərginlik, Britaniya hökumətinin İsrailin hərəkətlərini tənqid etməsi və Fələstini rəsmi olaraq tanıması fonunda səslənib. Netanyahu əvvəllər dəfələrlə Britaniya Leyborist Partiyasının rəhbərliyini HƏMAS-a effektiv şəkildə kömək etməkdə günahlandırıb.
Tahir TAĞIYEV