Azərbaycan vətəndaşlarının çəkdiyi xərcin yarıdan çoxu yemək-içməklərinə gedib. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358.5 milyon manatlıq mal satılıb. Onun 20 milyard 843.9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514.6 milyon manatı isə qeyri-ərzaq mallarıdır.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1.4, qeyri-ərzaq malları üzrə 6.6 faiz artıb. Bir sıra iqtisadçılar deyir ki, bu göstəricilərə görə Azərbaycan həyat səviyyəsi aşağı olan ölkələrlə müqayisə edilə bilər. Xərclərdə ən çox artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alışındadır. 32.1 faiz artımın olduğu bu sahəyə 548.3 milyon manat xərc çəkilib. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərclərində də ciddi artım var (23.8 faiz ). Ümumilikdə isə, bu sahədə xərclər 1 milyard manatı keçib.
Hərçənd, rəsmilər ölkədə həyat səviyyəsinin aşağı olması ilə bağlı dəyərləndirmələri qəbul etmir. Amma o da faktdır ki, Azərbaycanda bir çox mal və məhsulların, xüsusilə də dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Hələlik isə rəqəmlər göstərir ki, vətəndaşların xərclərində ən böyük pay yenə ərzaq məhsullarına aiddir. İqtisadçılar bildirir ki, xərclərin artımında inflyasiya mühüm rol oynayır. Son beş ayda ölkədə 5,6 faizlik inflyasiya qeydə alınıb. Bu da bir çox məhsul və xidmətlərin qiymətinə təsirsiz ötüşmür. Bununla belə, pərakəndə ticarət dövriyyəsinin artması bazarda aktivliyin davam etdiyini göstərir.
Ramil QULİYEV