İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman iddia edib ki, Donald Trampdan sonra ABŞ-ın növbəti prezidenti, respublikaçı və ya demokrat olmasından asılı olmayaraq, Fələstin dövlətini tanıyacaq və onu BMT-yə üzv edəcək.
İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman X sosial media hesabında paylaşım edərək Fələstin Muxtariyyətinin ləğvini, Oslo Sazişlərinin ləğvini və işğal olunmuş Qərb Şəriyəsində birgə İordaniya-İsrail administrasiyasının yaradılmasını təklif edib.
Oslo Sazişlərinin İsrail üçün ağır nəticələrə səbəb olduğunu deyən Liberman bildirib ki, İsrail Fələstin Muxtariyyətini və Oslo Sazişlərini ləğv etməlidir. Liberman Oslo Sazişlərini, Fələstin Muxtariyyətini və İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edib.
Oslo Sazişlərinə əsasən Fələstin Muxtariyyətinin ləğvini və C Bölgəsinin İsrailə birləşdirilməsini müdafiə edən Liberman, ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu müddətcə ABŞ-ın Fələstin dövlətinin birtərəfli tanınmasına qarşı çıxmaq kimi ənənəvi mövqeyini qoruyub saxlayacağını bildirib. Lakin Liberman, istər respublikaçı, istərsə də demokrat olsun, növbəti ABŞ prezidentinin Fələstin dövlətini tanıyacağını və onu Birləşmiş Millətlər Təşkilatının üzvü edəcəyini iddia edərək, Amerika ictimaiyyətinin İsrailə dəstəyinin azalmasının bunu qaçılmaz edəcəyini qeyd edib.
Liberman iddia edir ki, Netanyahunun Fələstin torpaqlarını qəsb edən israillilərə qarşı "tolerant" siyasəti işğal olunmuş Qərb Şəriyəsindəki qanunsuz yəhudi məskunlaşmalarına zərər vurur və Fələstin məsələsini beynəlxalq medianın gündəmində saxlayıb. Buna görə də, o iddia edir ki, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsraili dəstəkləməsinə baxmayaraq, Qərb Şəriyəsində hücuma məruz qalan fələstinli amerikalıları ziyarət etmək məcburiyyətində qalıb.
Liberman Fələstin dövlətinin qurulması üçün vaxtın tükəndiyini iddia edib və işğal olunmuş Qərb Şəriyəsində İsrail-İordaniya konfederasiyasının yaradılmasını təklif edib.
Tahir TAĞIYEV