İran Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərə müraciət edib. 26 səhifəlik müraciətdə İran tərəfi amerikalıları prezident Donald Trampın müttəfiqlərinə qarşı səs verməyə, müharibəni və ABŞ-ın İsrailə dəstəyini rədd etməyə çağırıb.
Bu müraciət ABŞ-də İranla müharibənin gətirdiyi yüksək yanacaq qiymətləri və artan yaşayış xərcləri fonunda respublikaçıların daxili reytinqinin aşağı düşdüyü bir dövrə təsadüf edir. O baxımdan bu müraciət seçkilərdə Trampın əleyhinə işləyə bilərmi? Onu da qeyd edək ki, Trampın və Netanyahonun da bu ilin fevralında İran xalqına müraciəti var idi. Müraciətin məzmunu o idi ki, ölkədəki rejimi devirin. Bəyan edirdilər ki, gəlirik, rejimi yıxmağa kömək edəcəyik və s. Ancaq İran xalqı bu müraciətə ciddi yanaşmadı. O baxımdan ABŞ-da keçirilən seçkilərə İrandan olan bu çağırışa lazımı reaksiya olacaqmı?
Əli Mustafa: “Bu müraciətin müəyyən təsiri ola bilər, amma həlledici olmayacaq”
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, İranla ABŞ arasında olan savaş əslində hibrid bir savaşdır: “Bu, savaş əsasən informasiya cəbhəsini əhatə edir və psixoloji savaşdır. Eyni zamanda nüvə silahı ilə bağlı mübarizə var. Geopolitik bir savaş var. İranın və ABŞ-ın içində bu savaşın davamı var. Deməyim odur ki, çox mürəkkəb və polyarlı savaş gedir. Bütün istiqamətlərdə kiber savaş var. Təbii ki, informasiya seqmentində də tərəflər bir birinə qarşı çox ciddi zərər yetirməyə çalışırlar. Bunların nə qədər effektiv olacağını proqnozlaşdırmaq üçün gərək bir çox ciddi informasiyalara hakim olaq. O baxımdan birmənalı fikir demək bir az çətindir. Yəni ən azından ABŞ-da İranı eşidəcək insanların coğrafiyasına baxmaq lazımdır. Orada yaşayan müsəlmanlar, İrandan gələn insanlar buna necə reaksiya verəcək? Eyni zamanda Tramdan narazı olanlar, Demokratlar Partiyasını dəstəkləyənlər, mühacirlər və s. faktorlar var. Təbii ki, bu müraciətin müəyyən təsiri ola bilər, amma həlledici olmayacaq. Çünki Birləşmiş Ştatlarda seçici rəyinin formalaşmasına informasiya siyasəti təsir edir. O baxımdan İranın təsirini zəiflətmək üçün Tramp komandasının əks-həmlələri olacaq. Düzdür, Tramp da İran xalqına müraciət etmişdi. Ancaq demək olmaz ki, bütün İran xalqı buna ciddi yanaşmadı. Ciddi yanaşanlar da var idi. Buna inanalar da var idi. Düzdür, bunları sayı çox böyük deyildi, amma var idi”.
Firdovsi Şahbazov: “Fikrimcə, bu çağırış seçkidə Trampın əleyhinə işləyəcək”
İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov isə məsələyə fərqli prizmadan yanaşdı: “Bu məsələdə İranın mövqeyini görməzdən gəlmək doğru olmaz. İran həm də ona görə dirəniş göstərir ki, Tramp Konqresə keçirilən aralıq seçkilərində məğlub olsun. Düzdür, iqtisadi nöqteyi-nəzərdən bu, İrana baha başa gəlir. Ancaq nəzərə almaq lazımdır ki, İran 40 ildən çoxdur müxtəlif sanksiyalar altındadır. İran inqilabından bir müddət sonra ABŞ səfirliyinin nümayəndələri girov götürüldü. O vaxt prezident Cimi Karter hərb yolu ilə onları azad etməyə çalışdı, amma uğursuzluğa məruz qaldı. Nəticədə Karter prezident seçkilərində Reyqana uduzdu. Ona görə də bu məsələdə İran amilini kiçiltmək, görməzdən gəlmək doğru olmaz. Fikrimcə, bu çağırış seçkidə Trampın əleyhinə işləyəcək”.
Vidadi ORDAHALLI