Şəmsəddin Əliyev: “Bununla bağlı müraciət etmiş şəxsin ikili vətəndaşlığının olub-olmaması öncədən yoxlanılır”
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul edənlər və digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər dövlət qulluğunda vəzifəsini tuta bilməyəcəklər. Bu qadağa Milli Məclisin bu gün, sentyabrın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Göründüyü kimi, digər dövlətin vətəndaşlığını qəbul edən şəxslər dövlət qulluğunda vəzifəsini tuta bilməyəcəklər. O baxımda bu, necə müəyyən ediləcək? Məsələn, Azərbaycanda adamlar var ki, ikili vətəndaşlığı var və Rusiyanın da vətəndaşıdır. Bunu necə təyin edəcəklər ki, onun Rusiya vətəndaşlığı da var? Ümumən, belə vətəndaşlığı olanlar necə təyin ediləcək?
Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün bu kimi məsələlərə xüsusi həssaslıqla yanaşır: “Bu baxımdan Konstitusiyada vicdan azadlığı deyilən hüquq da var. Lakin din xadimlərinin dövlət qulluğunda çalışması qadağandır. Eyni zamanda bu, xarici vətəndaşlara da aiddir. Dövlət qulluğu ilə bağlı qanunda qeyd edilib ki, xarici vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayanlar dövlət qulluğunda çalışmaları mümkün deyil. Təhlükəsizlik nöqteyi-nəzərdən dövlət qulluğu yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Dövlət orqanlarında, dövlət qulluğuna qəbul olunmaq üçün müraciət etmiş şəxsin ikili vətəndaşlığının olub-olmaması öncədən yoxlanılır. Lazım gələrsə bununla bağlı bəzi orqanlar tərəfindən arayışlar təqdim edilir. Məsələn, xarici ölkələrdə ali məktəbi bitirməklə bağlı diplom təqdim edilirsə, onun Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib-edilməməsi yoxlanılır. Vətəndaşlığı olan şəxsin hansı vaxtdan ölkədə yaşadığı yoxlanılır. Həmin şəxsin inzibati məsuliyyətə cəlb olunub-olunmaması yoxlanılır. Bütün bunlardan sonra həmin şəxs dövlət qulluğunda işə götürülür. Məlumatlar müxtəlif orqanlardan toplanır. Dövlət Miqrasiya Xidmətindən, Dövlət Təhlükəsizlik Xidmətindən, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən arayışlar əsasında məlumatlar əldə edilir. Yalnız bundan sonra müraciət edən vətəndaş dövlət qulluğuna ya buraxılır, ya da buraxılmır. Hesab edirəm ki, dövlət qulluğu ilə bağlı belə yanaşma doğrudur”.
Vidadi ORDAHALLI