Məhəmməd Əsədullazadə: “Milli azlıqlara belə münasibət Rusiyanın ənənəvi imperiya siyasətidir”
Şimali Qafqaz əməkhaqqı və gəlir göstəricilərinə görə Rusiyada son sıralarda qalır. Şimali Qafqaz respublikaları yenidən Rusiyanın sosial-iqtisadi reytinqlərinin aşağı pillələrində qərarlaşıb.
2026-cı ilin ikinci rübündə ən aşağı orta əməkhaqqı Çeçenistanda qeydə alınıb - təxminən 36 min rubl. Sonrakı yerlərdə İnquşetiya, Kabardin-Balkar, Dağıstan, Qaraçay-Çərkəz və Şimali Osetiya gəlir. Əmək bazarı, gəlirlər və istehlak xərcləri üzrə vəziyyət də çox pisdir. Şimali Qafqaz respublikaları pensiyaların və adambaşına düşən gəlirlərin səviyyəsinə görə də son sıralardadır.
Burada təəccüb və paradoks doğuran məqam odur ki, Rusiya Ukrayna ilə müharibədə daha çox Şimali Qafqazdan olan etnikləri qabağa verir. Başqırdıstan və Tatarıstandan sonra ən çox itki verən Şimali Qafqaz xalqlarıdır. Ancaq əməkhaqqı və gəlir göstəricilərinə görə sonuncu yerdədilər.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ukrayna müharibəsi Rusiya iqtisadiyyatına da ciddi mənfi təsir etməkdədir: “Rusiyanın dövlət borcu kəskin şəkildə artıb. Artıq Rusiya hakimiyyəti büdcədən maliyyələşən təşkilatları maliyyələşdirməkdə çətinlik çəkir. Bütün bunlara baxmayaraq, Rusiya hər zaman qeyri-rus xalqlarına yuxarıdan aşağı baxıb. Bu, Çar Rusiyasından üzübəri hər zaman belə olub. Onların təbii sərvətlərini talayıblar, amma bunun qarşılığında orada yaşayanlar ən yoxsul vəziyyətdə olublar. SSRİ vaxtı da belə idi. Həmin siyasət bu gün də davam edir. Müharibədə ölənlərin çoxu qeyri-rus millətləridir. Şimali Qafqaz xalqlarına qarşı da analoji münasibət sərgilənir. Baxmayaraq ki, müharibədə daha çox müsəlmanlar həlak olur. Şimali Qafqazda rusların kompakt yaşadığı ərazilərdə, şəhərlərdə infrastruktur yaxşı inkişaf edib. Əhalinin həyat səviyyəsi yüksəkdir. Ancaq Dağıstanda, Qaraçay Çərkəzdə, Çeçenistanda, Cənubi Osetiyada bunun tam əksidir. Həm əhalinin gəlirləri aşağıdır, həm də infrastruktur pis gündədir. Bir neçə ay əvvəl baş verən daşqınlar Maxaçkala şəhərinə çox böyük ziyan vurdu. Məlum oldu ki, Dağıstanda korrupsiya səbəbindən lazımı işlər görülməyib. Milli azlıqlara belə münasibət Rusiyanın ənənəvi imperiya siyasətidir. Moskva etnikləri qabağa verməklə rusların müharibəyə qarşı kütləvi etiraz etməsindən qorxur. Ona görə də Qafqaz xalqları bu məsələdə yekdil olmalıdılar və bütün bu haqsızlıqlara etiraz etməlidilər”.
Vidadi ORDAHALLI