The Atlantic-ın məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koull Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması müqabilində Rusiyanın müəyyən sayda məhbusu azad etməsini nəzərdə tutan təşəbbüs irəli sürüb. Donald Trampın bu yanaşmanı prinsipcə dəstəklədiyi bildirilir.
Təşəbbüs hələ ilkin mərhələdədir və məqsədlərdən biri Rusiyanın qlobal iqtisadiyyata yenidən inteqrasiyasına şərait yaratmaqdır. Gələcəkdə Rusiya nefti, yanacağı, nadir torpaq metalları və digər məhsullarla bağlı iqtisadi sazişlərin mümkünlüyü də nəzərdən keçirilir. Lakin bu planın Avropa ölkələri, Ukrayna və Trampın bəzi müttəfiqləri arasında ciddi narazılıq yarada biləcəyi qeyd olunur. Bildirilir ki, Koull oxşar mexanizmi daha əvvəl Belarusla bağlı da tətbiq etməyə başlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması müqabilində müəyyən məhbusların azad edilməsini nəzərdə tutan təşəbbüsü barədə məlumat hələlik media məlumatı səviyyəsindədir və rəsmi şəkildə təsdiqlənməyib. Bu fonda belə bir sual yaranır: burada əsas məqsəd həqiqətən də Rusiyada siyasi məhbusların azadlığa buraxılmasına nail olmaqdır, yoxsa məhbusların azad edilməsi sanksiyaların yumşaldılmasını əsaslandırmaq üçün daha çox diplomatik vasitə və bəhanə rolunu oynaya bilər? Trampın son dövrdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi və Moskva ilə münasibətləri nəzərə alınarsa, bu təşəbbüsü ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində mümkün dəyişikliklərin əlaməti kimi qiymətləndirmək olarmı?
Züriyə Qarayeva: “Siyasi məhbusların azad edilməsi faktiki olaraq daha böyük siyasi-iqtisadi razılaşmanın başlanğıc mexanizminə çevrilə bilər”
Politoloq Züriyə Qarayeva məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın Rusiya ilə bağlı son təşəbbüsünə yalnız siyasi məhbusların azad edilməsi prizmasından yanaşmaq mümkün deyil. Onun sözlərinə görə, hazırda söhbət rəsmi razılaşmadan deyil, “The Atlantic” nəşrinin sentyabrın 29-da açıqladığı ilkin təşəbbüsdən gedir. Buna görə də Vaşinqtonun Rusiya siyasətində artıq konkret dəyişiklik baş verdiyini söyləmək hələ tezdir.
Ekspert hesab edir ki, təşəbbüsün diqqət çəkən tərəfi ABŞ-ın xüsusi nümayəndəsi Con Koullunun Belarusda artıq sınaqdan keçirilmiş “məhbusların azad edilməsi müqabilində sanksiyaların mərhələli şəkildə yumşaldılması” modelini Rusiya ilə münasibətlərə tətbiq etmək niyyətidir. Belarus nümunəsində bu mexanizm çərçivəsində yüzlərlə məhbus azad edilib və bunun qarşılığında ABŞ tərəfindən müəyyən sanksiyaların yumşaldılması həyata keçirilib.
“Bu baxımdan siyasi məhbusların azad edilməsini yalnız humanitar məsələ kimi deyil, Moskva ilə daha geniş danışıqların başlanması üçün diplomatik giriş nöqtəsi kimi də qiymətləndirmək mümkündür. Əsas mübahisə isə bundan sonra başlayır. Əgər güzəştlər yalnız məhbus məsələsi ilə məhdudlaşmayaraq enerji, xammal, neft, yanacaq, mineral resurslar və digər iqtisadi əlaqələrin bərpasına qədər genişlənərsə, humanitar məsələ daha böyük siyasi-iqtisadi razılaşmanın başlanğıc mexanizminə çevrilə bilər”, – deyə politoloq vurğulayıb.
Züriyə Qarayeva qeyd edib ki, “The Atlantic”in məlumatlarında planın Rusiya ilə iqtisadi əlaqələrin müəyyən istiqamətlərdə bərpasına, o cümlədən neft, yanacaq və mineral resurslar sahəsində potensial sövdələşmələrə yol aça biləcəyi bildirilir. Lakin indiki mərhələdə Moskva ilə siyasi məhbusların azadlığı və bunun qarşılığında sanksiyaların yumşaldılması barədə konkret və rəsmi razılaşmanın elan olunmaması nəzərə alınmalıdır.
Ekspertin fikrincə, təşəbbüs ABŞ-ın Rusiya siyasətində mümkün dəyişiklik barədə müəyyən siqnal sayıla bilər, amma bunu Vaşinqtonun artıq sanksiya siyasətindən imtina etməsi kimi təqdim etmək düzgün olmaz. Bunun üçün konkret qərarlar və rəsmi razılaşmaların ortaya çıxması lazımdır.
“Əgər Vaşinqton Ukraynadakı müharibənin yekun siyasi həllini gözləmədən Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri konkret güzəştlər müqabilində mərhələli şəkildə aradan qaldırmağa başlasa, bu, sanksiyaların yalnız cəzalandırıcı vasitə kimi deyil, daha fəal şəkildə sövdələşmə və danışıqlar aləti kimi istifadəsinə keçidi göstərə bilər. Bu isə ABŞ-ın Moskva ilə münasibətlərində yanaşmanın dəyişməsi baxımından əhəmiyyətli addım olar”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, belə yanaşmanın əsas mübahisəli tərəfi ABŞ-ın Moskva ilə mümkün iqtisadi-siyasi razılaşmalarının Ukraynanın və Avropanın təhlükəsizlik maraqları ilə nə dərəcədə uzlaşacağıdır. Çünki Rusiyaya qarşı sanksiyaların yumşaldılması yalnız ikitərəfli ABŞ-Rusiya münasibətləri çərçivəsində qiymətləndirilə bilməz. Belə qərarlar Ukraynadakı müharibənin gedişinə, Avropanın təhlükəsizlik arxitekturasına və Qərbin Rusiyaya qarşı indiyədək formalaşdırdığı vahid mövqeyə də təsir göstərə bilər.
Bu səbəbdən hazırkı təşəbbüsün real nəticəsini müəyyənləşdirəcək əsas məsələ Vaşinqtonun hansı güzəştləri hansı şərtlərlə təklif edəcəyi və Moskvanın bunun qarşılığında hansı konkret addımları atacağı olacaq. Əgər proses yalnız ayrı-ayrı məhbusların azad edilməsi ilə məhdudlaşarsa, təşəbbüs əsasən humanitar-diplomatik xarakter daşıyacaq. Əgər bunun ardınca enerji və xammal sektorunda iqtisadi əlaqələrin bərpası, sanksiyaların genişmiqyaslı yumşaldılması və digər siyasi razılaşmalar gündəmə gələrsə, bu, artıq ABŞ-ın Rusiya siyasətində daha fundamental dəyişiklikdən xəbər verə bilər.
Dəniz NƏSİRLİ