Estoniya hökuməti beynəlxalq sanksiyalar haqqında qanuna əsasən, Rusiya və Belarusdan taxıl tranzitini qadağan edib.
Qeyd edilir ki, sanksiyaların məqsədi Rusiya sahibkarlarının gəlir imkanlarını azaltmaq və hərbi fəaliyyəti maliyyələşdirən gəlir mənbələrini məhdudlaşdırmaqla Rusiya Federasiyasına hərbi təcavüzə son qoymaq üçün təzyiq göstərməkdir.
Estoniya hökuməti Minskin Rusiyanın fəaliyyətinə dəstəyini nəzərə alaraq, Belarusa qarşı da oxşar qadağaların tətbiq edildiyini bildirib. Qeyd edilir ki, Qara dənizdəki təhlükəsizlik vəziyyətinə görə birbaşa Rusiya məsuliyyət daşıyır və bu vəziyyət həm Ukraynadan, həm də Rusiyadan Qara və Azov dənizləri vasitəsilə taxıl ixracını ciddi şəkildə pozub.
"Rusiya taxıl ixracının bir hissəsini Baltik dənizi vasitəsilə yönləndirmək üçün fəal şəkildə imkanlar axtarır. Estoniya Rusiyanın taxıl ixracı üçün limanlarımızdan istifadəsini qəbuledilməz hesab edir"- deyə hökumətin açıqlamasında bildirilir.
Tahir TAĞIYEV