Gürcüstan tərəfi uzun illərdir ki, həm Kürmük məbədinə, həm də "David Qareci" monastır kompleksinə (Keşiçkidağ) qarşı əsassız iddialarını davam etdirir. Çox təəssüf ki, bu məsələdə Gürcüstanın din xadimləri erməni din xadimlərinin yolunu gedirlər. Bir dini abidə, dini məbəd Azərbaycan ərazisində yerləşirsə və xalqımızın dini-mədəni, tarixi irsinin bir parçasıdırsa, ona gürcü dindarların iddiası heç bir anlaşılan deyil.
Azərbaycanın Qax rayonu ərazisində yerləşən Kürmük məbədi ilə bağlı məsələ zaman-zaman iki ölkə arasında (xüsusilə dini və mədəni müstəvidə) müzakirə və gərginlik mövzusuna çevrilir.
Son olaraq 2026-cı ilin sentyabrında Gürcüstan Patriarxlığının məbəddə aparılan bərpa işlərinə dair verdiyi bəyanat rəsmi Bakının sərt reaksiyası ilə qarşılaşıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib ki, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.
Bəyanatda vurğulanıb ki, dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir:
"Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir".
Kürmük məbədi Azərbaycanın Qax rayonunun Əmbərçay kəndi yaxınlığında, Kürmük çayının sahilində qədim alban məbədinin qalıqları üzərində XIX əsrin sonunda (1892–1894-cü illərdə) inşa edilmiş tarixi abidədir. Qax rayonu, Əmbərçay kəndi yaxınlığında dağın zirvəsində yerləşir.
Ərazidəki ilkin qalıqlar I–III əsrlərə aid qədim Qafqaz Albaniyası dövrünə məxsusdur. Arxeoloji və etnoqrafik araşdırmalar burada daha qədim qədim bütpərəstlik və ya Ay məbədinin olduğunu göstərir.
Tarixçilər qeyd edirlər ki, Kürmük Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I–III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir.
Gürcü əsilli dilçi alim Zaza Aleksidzenin fikrincə, Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun yazdığına görə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. Gürcü tarixçisi Zaza Aleksidze özü yazır ki, Kürmük sözü udicədir və mənalarını da göstərir, ayrıca bunun Qafqaz Albaniyası ilə bağlı olduğunu da qeyd edir. Bu halda gürcü dindarların iddiası yersiz və əsassızdır.
2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I–III əsrlər, IV–VII əsrlər, VIII–XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olub. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunub ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunub.
Gürcülər heç də ermənilərdən fərqlənməyərək hansısa mənbələr irəli sürürlər. İddia edirlər ki, bu kilsənin adı gürcü mənbələrində guya ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. "Maqelaşvili İncilləri" adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Bu cümlələri oxuduqca adam təəccüblənir ki, bu kilsə alban kilsəsi olduğu halda gürcülər bunu niyə öz adlarına çıxırlar. Kürmük kiləsinin yerində qədim alban məbədinin olduğunu bütün tarixçilər təsdiqləyir .
Məlumata görə, kilsə 1614–1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim alban məbədin qalıqları üzərində yeni kilsə tikilib. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825–1918) təyin edilib. Gürcü əslili keşişi ora Çar Rusiyası təyin edib. Məqsəd də bölgəni xristianlaşdırmaq və alban irsinin qalıqlarını itirmək olub. Məlumata görə, Sovet dövründə bina kinoteatr kimi istifadə edilib. Tarixçolər qeyd edir ki, Çar dövründə ruslar bizim ərazilərimizə gələndə Kürmük məbədini rekonstruksiya edib onu ruslaşdırdılar. Ruslar da getdikdən sonra ora baxımsız vəziyyətdə qalır, çünki Alban məbədlərinə Sovet dövründə barmaqarası baxılırdı. Bu səbəbdən o məbədə Qax gürcüləri sahibləniblər və kilsənin damını gürcü monastrlarının damına bənzədirlər, içinə, fasadına əl gəzdirib öz kilsə memarlıqlarına uyğun bərpa ediblər. Onlar bu kilsəni gürcüləşdiriblər. Amma bu saxtalaşdırılmadı və tarixi gerçəkliyi dəyişmir.
Real tarixi faktlar ortada olduğu halda Gürcüstan tərəfin iddiaları o həddə çatıb ki, onlar bu kilsəni "gürcü irsi" adlandırmaqdan çəkinmirlər. Əslində isə deyildiyi kimi, Kürmük alban kilsəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən Kürmük məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülüb. Rəsmi olaraq dini abidə sayılmasa da, burada hər il Kürmükoba bayramı keçirilir.
Azərbaycanın Qax rayonunda yerləşən qədim Kürmük məbədi Azərbaycanın maddi-mədəni irsidir. Kürmük məbədi müxtəlif xalqların və dinlərin nümayəndələrinin ziyarət etdiyi ortaq inanc və tarixi yaddaş mərkəzidir. Azərbaycan qanunvericiliyinə və rəsmi mövqeyinə görə, ölkə ərazisindəki bütün qədim dini-mədəni abidələr kimi Kürmük məbədi də Azərbaycan xalqının milli irsinin ayrılmaz hissəsidir. Abidə ətrafında zaman-zaman tarixi və siyasi spekulyasiyalar, o cümlədən xarici dini dairələr tərəfindən iddialar irəli sürülsə də, rəsmi Bakı bu cür yanaşmaları qəbuledilməz hesab edir.
Tarix elmləri doktoru Qafqar Cəbiyev də məqalələrindən birində Azərbaycan ərazisində olan məbədlərin, eləcə də Kürmük məbədinin alban məbədi olduğunu qeyd edib: "...Elə isə əvvəlcə Albaniyadakı məbədlərin coğrafiyasına nəzər salaq: Girdiman məbədi, Kilsədağ məbədi, Kiş məbədi, Gənzəsar məbədi, Aquen məbədi, Kürmük məbədi, Qum məbədi, Ləkit məbədi, Zaqatala rayonunun Pipan ərazisindəki məbəd qalıqları və s. Baxın, alban məbədləri, demək olar ki, ölkənin bütün regionlarını əhatə edib".
Bütün bu faktlar Gürcüstan Patriarxlığının iddiasının əsassız olduğunu bir daha təsdiqləyir və Kürmük kilsəsinin də digər məbədlər kimi alban-xristian irsinə aid olduğunu sübut edir. Tarixi mənbələr Kürmük kilsəsinin Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu bir daha göstərir.
İradə SARIYEVA