Elşən Manafov: “Bu səpkili açıqlamalar Almaniya büdcəsindən Bundesverə milyardların ayrılmasına hesablanıb”
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bəyan edib ki, Rusiya həmişəlik əbədi düşmənimizdir: “Rusiya ilə müharibə necə başa çatır-catsın, Rusiya həmişəlik bizim düşmənimiz və Avropanın təhlükəsizliyi üçün təhdid olaraq qalacaq”.
Xarici siyasət idarəsinin rəhbəri rəsmi Berlinin mövqeyini qətiyyətlə ifadə edərək vurğulayıb: “Biz bunu dəqiq bilirik”.
Hansı əbədi və həmişəlik düşmənçilikdən söhbət gedə bilər ki, Almaniyanın Rusiyapərəst sağçı populist və ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının nüfuzu sürətlə artır. Sözügedən partiya əyalətlərdə keçirilən seçkilərdə qalib gəlməyə başlayıb. Getdikcə ölkə əhalisi daha çox bu partiyaya stavka edir. O zaman Vadeful nəyə əsaslanaraq belə bir iddia ilə çıxış edir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, buna Almaniya hökumətinin mövqeyi konteksindən yanaşmaq lazımdır: “Vadefulun məlum açıqlamasına Almaniyanın Avropanın təhlükəsizlik sistemində oynadığı rol, onun müasir dünya nizamında qlobal mahiyyət kəsb edən problemlərə münasibətdə geosiyasi maraqları, nəhayət ölkənin daxili siyasi problemlərinə Almaniya hökumətinin mövqeyi konteksindən yanaşmaq və qiymət vermək lazımdır. Rusiyanın Avropanı təhdid etməsi barədə açıqlamalar adətən Almaniyada Bundesverlə sıx əlaqədə olan siyasətçilər tərəfindən səsləndirilir. Bu səpkili açıqlamalar Almaniya büdcəsindən Bundesverə (Almaniyanı qorumaq məsuliyyəti daşıyan Almaniya Silahlı Qüvvələri) milyardların ayrılmasına hesablanıb. Militarist kurs ondan bəhrələnən siyasi və hərbi dairələrin korporativ maraqlarına cavab verir. Digər tərəfdən bu səpkili açıqlamalar son seçkilərdə ciddi uğur qazanmış Almaniyaya üçün Alternativ partiyasının Merts iqtidarına qarşı tənqidlərinə alternativ mövqedir. Merts hökuməti son vaxtlar Almaniyanın Ukraynaya artmaqda olan yardımının ümumavropa təhlükəsizlik qayğılarından irəli gəldiyini bildirir. Rəsmi Berlin Ukraynada son vaxtlar yaşanan korrupsiya qalmaqlarının Avropa, habelə Ukraynanın özündə doğurduğu sosial, siyasi kataklzmləri nəzərə almaq məcburiyyətindədir. Digər tərəfdən bu sayaq açıqlamalar Ümumavropa təhlükəsizlik problemlərinin həllində Avropa İttifaqı ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə yönəlib. Ancaq burada Rusiyaya sanksiyaların tətbiqi ilə bağlı məsələlərdə tərəddüd edən, onlara qoşulmayan dövlətlər hələ də, var. Söhbət Sloveniya, Serbiya, Macarıstan və s ölkələrdən gedir. Rusiyadan gələn təhlükə mövzusunu daim gündəmdə saxlamaqla Vadeful kimi siyasilər Avropa cəmiyyətlərini daim bu ölkə ilə qarşıdurma şəraitində saxlamaq və əlbəttə bundan siyasi divident qazanmağa çalışırlar”.
Vidadi ORDAHALLI