Rasim Quliyev: “...Naxçıvanın Bakıda daimi nümayəndəlik saxlaması mahiyyət etibarilə əvvəlki effektivliyini və zərurətini özündə saxlamır”
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin ləğv olunması ilə bağlı rəsmi olmasa da, lakin sentyabrın 28-də nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Nümayəndəliyin ləğvi barədə dövlət qurumları tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.
Məlumata görə, qurum fəaliyyətini davam etdirir, əvvəllər isə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması kimi müxtəlif əlaqələndirmə işlərində iştirak edib.
Hazırda belə bir söz-söhbət var ki, Naxçıvanın Bakıdakı nümayəndəliyi ümümiyyətlə ləğv ediləcək.
Naxçıvanın daimi nümayənfəliyi Bakıda ləğv olunacaq? Ümumiyyətlə buna ekspertlər necə baxırlar? İndiki kommunikasiyalar şəraitdə o nümayəndəliyi saxlamaq lazımdırmı? Naxçıvan tamamilə Azərbaycana inteqrasiya olundu, orada prezidentin daimi nümayəndəsi var. Naxçıvanın Bakıda nümayəndəliyini saxlamağa nə ehtiyac var?
“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, politoloq Rasim Quliyev baki-xeber.com-a bildirdi ki,
Naxçıvanın Bakıda daimi nümayəndəliyi 24 fevral 1992-ci ildə fəaliyyətə başlayıb: “Bu nümayəndəliyin açılması həmin dövrdə yaranmış zərurətin nəticəsi idi. Çünki xüsusilə 1990-cı ildən sonra artıq Sovet hökuməti dövləti idarə etməkdə çətinlik çəkirdi, Naxçıvan Muxtar Respublikası isə bütün mənalarda və bütün sahələrdə bərbad kommunikasiya, kəsilmiş əlaqələr nəticəsində blokadaya düşmüşdü, həm idarəcilikdə, həm təminatda, həm də vətəndaşların Naxçıvan və Azərbaycanın digər rayonları arasında əlaqəsinin təminatı baxımından bəlkə də belə bir nümayəndəliyin fəaliyyətinə zərurət yaranmışdı. Və həqiqətən də həmin dövrdə və sonrakı vaxtlarda mövcud şəraitdə nümayəndəliyin fəaliyyəti müəyyən qədər effektiv qiymətləndirilə bilər. Amma indiki zaman üçün həm Azərbaycan dövlətinin bütün strukturlarının sistemləşdiyi kommunikasiya və idarəçiliyin müasir texnoloji tətbiqi şəraitində yəqin ki Naxçıvanın Bakıda daimi nümayəndəlik saxlaması mahiyyət etibarilə əvvəlki effektivliyini və zərurətini özündə saxlamır”.
R.Quliyevin fikrincə, hazırda Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi izafi büdcə sərfiyyatından başqa nə siyasi-inzibati, nə mənəvi-psixoloji mənada müsbət heç bir mahiyyət ehtiva etmir.
İradə SARIYEVA