Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
İlk AQEM Media Forumu üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirib. Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsi və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.
Forum çərçivəsində müasir medianın dəqiq, etibarlı və qərəzsiz məlumat təqdim etmək məsuliyyəti də diqqət mərkəzində olacaq. Xüsusilə süni intellektin və sosial media platformalarının informasiya məkanına təsirinin sürətlə artdığı bir şəraitdə bu məsələ daha da aktuallaşır.