Mətləb Salahov: “Cəmiyyət feyk və qərəz dolu informasiya ilə düzgün xəbəri ayırd etmək imkanında olmalıdır”
"Süni intellekt dövründə cəmiyyəti informasiyasız təsəvvür etmək qəti mümkün deyil. İnformasiya bolluğunun yarandığı bir zamanda isə iki istiqamət olduqca aktual və önəmlidir: İnformasiyanının həqiqiliyi və keyfiyyətli məlumat sistemi. Sosial şəbəkələrin və informasiya bumunun gündəlik həyatımızı "işğal" etdiyi bir zamanda media savadlılığı olduqca önəm daşıyan məqamdır. İlk növbədə ona görə ki, informasiya bolluğu şəraitində yaşayan, günün əksər hissəsini sosial şəbəkələrdə bu və digər şəkildə ən müxtəlif xəbərlər qəbul etməklə keçirən Azərbaycan cəmiyyəti sağlam və dürüst informasiya seçiminə sahib olmalıdır. Feyk xəbərlərin tüğyan etdiyi hazırkı şəraitdə bu olduqca vacib məsələdir".
Bu fikirləri "Bakı Xəbər"-ə açıqlamasında jurnalist ekspert Mətləb Salahov bildirib. O xüsusilə bir məqama diqqət çəkib ki, media savadlılığı deyəndə ilk növbədə Kütləvi İnformasiya Vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. “Bu məsələ barədə Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində də mühüm məqamlar ətraflı şəkildə qeyd olunub. İnsanların müəyyən səriştəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin, doğrudur yoxsa yalandır, nə məqsədlə yayılır, mənbəyi nədir? Yəni cəmiyyət ona təqdim edilən və kobud şəkildə ifadə etsək ona sırıdılan feyk və qərəz dolu informasiya ilə düzgün xəbəri ayırd etmək imkanında olmalıdır. Eyni zamanda düşünürəm ki, media savadlılığı məsələsində geniş media subyektləri və vətəndaş cəmiyyətləri fəal rol oynamalıdırlar. Bu, prosesin effektliyi üçün vacib məqamdır”.
Namiq Quliyev