Elşad Həsənov: “Yeni gənc nəsil müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqları azad etdilər”
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib ki, ən azı XX əsr tarixi aydın şəkildə göstərir ki, bu ölkənin insanları qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər:
“1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq. Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, doğurdan da XX əsr Azərbaycan üçün çox mühüm bir tarixi dövrdür: “Çünki XX əsrin əvvəlində, yəni 1918-ci ildə Azərbaycan ilk olaraq Cənubi Qafqazda Demokratik Respublika yaradıb. O zaman bir sıra islahatlar aparıldı. Ordu yaradıldı, dövlət dili təsis olundu, pul vahidi buraxıldı. Ancaq təəssüf ki, 1920-ci ildə bolşevik Rusiyası ölkəmizi işğal etdi. Sözügedən işğal 70 il çəkdi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ancaq bu da çox məşəqqətli bir dövrdən keçdi. Ölkə vətəndaş müharibəsi həddinə gəlib çatdı. Bilavasitə Rusiyanın yardımı ilə Ermənistan Azərbaycan ərazilərini işğal etdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gələrək ölkəni dağılmaqdan xilas etdi. Azərbaycan Ulu Öndər yenidən hakimiyyətə gələndən sonra inkişaf etməyə başladı. 1994-cü ildə xarici şirkətlərlə böyük neft kontraktları imzalandı. Bundan sonra Azərbaycan iqtisadiyyatı, diplomatiyası uğur qazanmağa başladı. Bizim xalq böyükdür. O mənada ki, ölkənin ən ağır vaxtlarında Heydər Əliyevin ətrafında birləşdi və doğru seçim edərək fəlakətin qarşısını aldı. Ölkədə çoxsaylı qaçqınların olmasına, iqtisadiyyatın pisləşməsinə baxmayaraq, xalqımız toparlanaraq Azərbaycanın var olmasını təmin etdi. Azərbaycan 1994-cü ilin mayında Ermənistanla atəşkəsə gedərək ordu quruculuğunu gücləndirdi. Əldə edilən neft gəlirləri insan kapitalına çevrildi. Azərbaycan hərbçiləri Türkiyədə NATO standartlarına görə təhsil aldılar. Bütün bunlar güclü ordunun qurulmasında mühüm rol oynadı. İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan qarşısına qoyduğu məqsədə doğru addım-addım irəliləməyə başladı. Ölkədə vətənpərvərlik ruhunda yeni gənc nəsil formalaşdı. Onlar da müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqları azad etdilər. Bu da ondan irəli gəlir ki, ölkə lideri güclü və iradəli idi. Dövlətin və xalqın marağını hər şeydən üstün tutdu. Məhz bütün bunların sayəsində xalq Prezidentin ətrafında sıx birləşdi ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Azərbaycan xalqı bir daha sübut etdi ki, böyük xalqdır”.
Vidadi ORDAHALLI