Gürcüstan İran səfiri Seyid Əli Mocaninin ölkənin tarixi və Kraliça Ketevan haqqında sosial media paylaşımlarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
Georgia Online xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili diplomata bildirib ki, onun açıqlamaları "diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxır".
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Xvtisiaşvili bu cür açıqlamaların ictimai rəyə mənfi təsir etdiyini qeyd edib. O, İran tərəfinin bu cür hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəyinə və Tiflisin əlavə tədbirlər görməyə məcbur qalmayacağına ümid etdiyini bildirib.
Nazir müavini həmçinin xatırladıb ki, Gürcüstanda akkreditə olunmuş xarici diplomatlar öz mandatları və səlahiyyətləri çərçivəsində hərəkət etməli, diplomatik münasibətlər normalarına riayət etməli və qəbul edən ölkənin tarixini və daxili işlərini şərh etməkdən çəkinməlidirlər.
Gürcüstan mediasının məlumatına görə, görüşün səbəbi Mocaninin Gürcüstanın ən hörmətli tarixi şəxsiyyətlərindən biri olan Kraliça Ketevan haqqında dərc etdiyi məqalə olub. Bir neçə gün əvvəl səfir onun şəklinin Tiflisdəki İran səfirliyinin fasadında işıqlandırıldığını yazmış və Kraliça ilə bağlı ilkin tədqiqatının nəticələrini, eləcə də İran və Gürcüstanda saxlanılan sənədləri və tarixi mənbələri təqdim etmək niyyətində olduğunu bildirmişdi.
Mojani vurğulayıb ki, onun qarşıdan gələn açıqlaması tarixin rəsmi versiyası olmayacaq və Ketevan məsələsini həll etdiyini iddia etmir. O bildirib ki, bu, tarixçinin tədqiqatının hazırkı mərhələsindəki şəxsi qiymətləndirməsi olacaq, yeni mənbələrə və gürcü, iranlı tədqiqatçıların birgə işinə əsasən daha da tamamlana, yenidən işlənə və ya düzəldilə bilər.
O, həmçinin yazıb ki, bu cür hekayələri yenidən nəzərdən keçirmək iki ölkənin bir-birini daha yaxşı başa düşməsinə kömək edə bilər.
Səfirin açıqlaması gürcü siyasətçilərinin tənqidinə səbəb olub. Parlamentin beynəlxalq münasibətlər komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, Mojani diplomatik protokola riayət etməli və tarixi şərhlər verməkdən çəkinməlidir.
İran səfirinin yazdıqlarının Tiflisdəki suallar doğurması ilk dəfə deyil. Sentyabrın əvvəlində Mojani Gürcüstanın İran aviaşirkətlərinə qarşı ABŞ sanksiyalarına riayət etmək qərarından sonra açıqlama yayıb. Burada regionun xəritəsində Gürcüstan ərazisinin yalnız bir hissəsi göstərilmişdi.
Tahir TAĞIYEV