Azərbaycan ötən dövr ərzində region ölkələri və dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu əməkdaşlıq siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər istiqamətlərlə yanaşı, təhlükəsizlik və hərbi sahəni də əhatə edir. Xüsusilə son illərdə Azərbaycanın Türkiyə, Özbəkistan və digər tərəfdaş dövlətlərlə müdafiə və hərbi sahədə əlaqələrinin inkişafı regional təhlükəsizlik mühitində mühüm amillərdən birinə çevrilib.
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi ölkəmizin beynəlxalq əlaqələrinin güclənməsinə yeni töhfələr verir
Faktdır ki, Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe onu Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanları arasında mühüm əlaqələndirici tərəflərdən birinə çevirir. Bu baxımdan Azərbaycan həm qonşu dövlətlərlə, həm də digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Siyasi dialoqun gücləndirilməsi ilə yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın Türkiyə ilə münasibətləri bu əməkdaşlığın ən mühüm nümunələrindən biridir. İki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq uzun illər ərzində inkişaf edib. Birgə hərbi təlimlər, təcrübə mübadiləsi, hərbi qulluqçuların hazırlığı və müxtəlif istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq Azərbaycan-Türkiyə əlaqələrinin mühüm komponentlərini təşkil edir. Bu əməkdaşlıq iki ölkənin hərbi potensialının inkişafı ilə yanaşı, onların təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsinə də şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində də son illərdə nəzərəçarpacaq dinamika müşahidə olunur. Özbəkistanla əlaqələrin inkişafı bunun mühüm nümunələrindən biridir. Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrlə yanaşı, müdafiə və hərbi sahədə də əməkdaşlıq istiqamətləri genişlənir. İki ölkənin hərbi qulluqçularının birgə təlimlərdə iştirakı qarşılıqlı təcrübə mübadiləsi və peşəkar hazırlığın artırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycanda Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimi xüsusi diqqət çəkir. Belə təlimlər yalnız hərbi personalın praktiki hazırlığının artırılması məqsədi daşımır. Eyni zamanda iştirakçı ölkələrin müxtəlif bölmələri arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətin və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsinə şərait yaradır. Artıq Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib. Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib. Birgə hərbi təlimlərin əsas xüsusiyyətlərindən biri müxtəlif ölkələrin hərbi qulluqçularının vahid ssenari çərçivəsində fəaliyyət göstərməsidir. Bu zaman iştirakçılar qarşılıqlı əlaqənin təşkili, komanda-idarəetmə mexanizmləri, rabitə, taktiki fəaliyyət və digər praktiki məsələlər üzrə təcrübə qazanırlar. Müxtəlif orduların nümayəndələrinin eyni təlimdə iştirakı onların bir-birinin imkanlarını və fəaliyyət prinsiplərini daha yaxından öyrənməsinə imkan verir. “Birliyin Gücü – 2026” təliminin digər mühüm tərəfi Azərbaycan-Türkiyə-Özbəkistan əməkdaşlığının yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını göstərməsidir. Dövlətlər arasında münasibətlərin dərinləşməsi müxtəlif sahələr üzrə əlaqələrin paralel şəkildə inkişafını tələb edir. Hərbi əməkdaşlıq da bu çoxşaxəli münasibətlərin istiqamətlərindən biri kimi çıxış edir.
Təhlükəsizlik məsələləri dövlətlər üçün yalnız milli sərhədlər çərçivəsində nəzərdən keçirilmir...
Azərbaycanın belə təlimlərə ev sahibliyi etməsi ölkəmizin regional əməkdaşlıq imkanlarını nümayiş etdirən amillərdən biridir. Azərbaycan müxtəlif dövlətlərin iştirakı ilə keçirilən hərbi tədbirlər vasitəsilə həm öz təcrübəsini bölüşür, həm də tərəfdaş ölkələrin təcrübəsindən yararlanmaq imkanları əldə edir. Bu proses hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsinə və müxtəlif ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı anlaşmanın inkişafına kömək edir.
Müasir dövrdə təhlükəsizlik məsələləri dövlətlər üçün yalnız milli sərhədlər çərçivəsində nəzərdən keçirilmir. Regional sabitlik, sərhəd təhlükəsizliyi, terrorizm və digər transmilli təhdidlərə qarşı mübarizə, fövqəladə vəziyyətlər zamanı qarşılıqlı fəaliyyət kimi məsələlər dövlətlər arasında əməkdaşlığın əhəmiyyətini artırır. Bu baxımdan hərbi təlimlər həm praktiki hazırlıq, həm də qarşılıqlı əlaqə mexanizmlərinin sınaqdan keçirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayır. Azərbaycanın digər dövlətlərlə müdafiə sahəsində əməkdaşlığının genişlənməsi də ümumi xarici siyasət kursunun bir hissəsi kimi qiymətləndirilə bilər. Ölkəmiz müxtəlif tərəfdaşlarla hərbi təhsil, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təlimlər kimi istiqamətlərdə əlaqələr qurur. Bu əməkdaşlıq Azərbaycan ordusunun müasir çağırışlara uyğun hazırlığının təmin edilməsi baxımından da əhəmiyyət daşıyır. Bununla yanaşı, hərbi əməkdaşlıq yalnız hərbi məqsədlərlə məhdudlaşmır. Dövlətlər arasında keçirilən birgə təlimlər diplomatik və siyasi münasibətlərin də praktiki müstəvidə inkişafına təsir göstərə bilər. Hərbi qulluqçular arasında qurulan peşəkar əlaqələr gələcəkdə qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər. Azərbaycanın Türkiyə və Özbəkistanla əməkdaşlığının hərbi müstəvidə də inkişaf etdirilməsi türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlərdə dərinləşməsi baxımından da diqqətəlayiqdir. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və mədəni əlaqələrin genişlənməsi müşahidə olunur. Müdafiə sahəsində əməkdaşlıq isə bu əlaqələrin təhlükəsizlik istiqamətində tamamlayıcı elementlərindən biri kimi çıxış edir. Belliklə, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi Azərbaycanın regional və beynəlxalq əməkdaşlıq siyasətinin hərbi sahədəki nümunələrindən biri kimi nəzərdən keçirilməlidir. Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının birgə iştirakı müxtəlif ölkələrin silahlı qüvvələri arasında təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və peşəkar əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın region ölkələri və digər dövlətlərlə əməkdaşlığını davamlı şəkildə genişləndirməsi ölkənin beynəlxalq münasibətlər sistemində çoxşaxəli əlaqələr qurmaq siyasətinin göstəricisidir. Siyasi və iqtisadi tərəfdaşlığın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla tamamlanması dövlətlər arasında qarşılıqlı əlaqələrin daha geniş çərçivədə inkişafına imkan verir. Bu baxımdan birgə hərbi təlimlər yalnız hərbi hazırlıq tədbiri deyil, eyni zamanda dövlətlər arasında praktiki əməkdaşlığın, qarşılıqlı etimadın və regional təhlükəsizlik dialoqunun inkişaf etdirilməsi vasitələrindən biri kimi çıxış edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.