Məhərrəm Zülfüqarlı: “Müharibənin taleyini həll edən Stalinqrad döyüşlərində Bakı nefti vacib rol oynayıb”
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib ki, Azərbaycan nefti olmasaydı İkinci Dünya müharibəsinin nəticəsi fərqli ola bilərdi:
“İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi. Bütün bunlar bizdən alındı. Bəs, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə nə əldə etmişdik? Tənəzzülə uğramış neft sənayesi, sıfıra yaxın qaz hasilatı”.
Göründüyü kimi, Azərbaycan nefti hesabına SSRİ Hitler Almaniyası üzərində qələbə çaldı, amma bizə qalan bərbad və çirklənmiş neft əraziləri oldu.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Bakı neftinin İkinci Dünya müharibəsində, SSRİ-nin faşizm üzərində qələbəsində müstəsna rolu danılmazdır: “Müharibə başlayarkən Stalinin belə bir fikri var idi ki, bu müharibə motorlar müharibəsi olacaq. Kimin hərbi texnikası üstün olsa qalib gələcək. O zaman da SSRİ neftinin 80 faizindən çoxunu Bakı verirdi. Qafqaz uğrunda döyüşlər gedərkən əsas hədəf Bakı olduğuna görə bu, hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edirdi. Üstəlik, Bakı uğrunda döyüş də olub. Alman təyyarələrinin Bakı üzərində vurulması buna əyani sübutdur. Bundan başqa Quba, Qəbələ istiqamətində də alman təyyarələri vurulub. General mayor Məmmədbağır Hadi oğlu Bağırov Bakı hava hücumundan müdafiə qüvvələrinin komandanı olub və o şəhərin müdafiəsində müstəsna rol oynayıb. Baxaq görək bu yaxşılığı, xidməti SSRİ, Moskva necə qiymətləndirirdi. Müharibədən dərhal sonra sovet tarixşünaslığında Bakı neftinin oynadığı rolu aşağılamaq məqsədi güdürdülər. Volqa-Ural neft yataqlarının rolu daha çox şişirdilirdi. Bu isə saxta bir fikir idi. Burada Moskvanın Azərbaycana olan ögey münasibəti özünü göstərirdi. 50-ci illərdən sonra Bakı neftinin rolunu gizlətmək mümkün olmadığına görə, məcbur olub şəhər Lenin ordeni ilə təltif edildi. Dövlət müstəqilliyin bərpasından sonra Bakının oynadığı rola görə böyük bir kampaniya başladı. Məqsəd o idi ki, Bakıya qəhrəman şəhər adı verilsin. Ancaq Rusiya prezidenti Putin bəyan etdi ki, bu adlar SSRİ dövründə verilib və indi Rusiyanın səlahiyyətində deyil. Əlamətdar haldır ki, Prezident Əliyev hər dəfə tarixə ekskursiya edərək bu faktları deyir. Prezidentin timsalında Bakı nefti ilə bağlı səslənən fikirlər bu məsələni dahada aktuallaşdırır və təbliğində böyük rol oynayır”.
Professor onu da qeyd etdi ki, müharibənin taleyini həll edən Stalinqrad döyüşlərində Bakı nefti vacib rol oynayıb: “Stalinqradın almanlar tərəfindən tutulması cəbhəni yanacaqdan məhrum edəcəkdi. Ona görə də bu şəhərin təslim olmasına imkan verilmədi. Ərzaq və yanacaq Xəzər və Volqa çayı vasitəsi ilə təmin edilirdi. Bu, onu göstərir ki, Bakı nefti müharibədə həlledici rol oynayıb. 1939-cu ildə imzalanan Molotov-Ribentrop müqaviləsinə görə, Bakı neftinin bir hissəsi Almaniyaya verilməli idi. Almanlar da həmən neftdən istifadə edib Avropanı işğal etməli idilər. İngiltərə və Fransa bununla əlaqədar Bakıya qarşı “Vilvet” planını hazırladılar. Yəni onlar bunun qarşısını almaq üçün Bakını bombalamaq istəyirdilər. Ancaq Fransanın işğalı bu planın həyata keçməsinin qarşısını aldı. Başqa bir tərəfdən, Bakı işğal olunacağı tədqirdə Moskva şəhəri bombalamaq istəyirdi. Mircəfər Bağırov bunun qarşısını aldı. Azərbaycan 1918-ci ildən sonra müstəqilliyini qoruya bilsəydi bu təhlükələr olmazdı. Sərvətimiz bizə qalardı. Bir sözlə, Prezidentin belə fikirləri biz tarixçilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı mübarizəsinə dəstək verir”.
Vidadi ORDAHALLI