Rusiyanın Kiyevə hücumlarının intensivləşdiyi bir vaxtda Almaniya Kansleri Fridrix Merz Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi istiqamətində işlərin aparıldığını açıqlayıb. O, bu barədə çərşənbə axşamı, sentyabrın 29-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlinə səfəri zamanı məlumat verib. "Biz oktyabrın 15-16-da Brüsseldə keçiriləcək növbəti Avropa Şurası iclasına hazırlıq çərçivəsində Avropalı tərəfdaşlarla intensiv koordinasiya və məsləhətləşmələr aparırıq. Biz yardımımızı daha da necə gücləndirə biləcəyimizi müzakirə edirik"- Merz DW-nin sualını cavablandırarkən deyib. Kanslerin sözlərinə görə, müzakirələr Ukrayna büdcəsinə konkret dəstək və Merzin Ukraynanın müdafiəsində "ən zəif halqa" kimi xarakterizə etdiyi hava hücumundan müdafiə sistemləri ətrafında cəmləşib. Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl hərbi maliyyələşdirmədə təxminən 27 milyard dollar çatışmazlıq olduğunu bildirmişdi. Merz qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı dünya liderləri ilə şəxsən danışıqlar aparır. O, həmçinin Rusiyanın mülki infrastrukturu davamlı olaraq atəşə tutacağını nəzərə alaraq, Ukraynanın enerji təchizatı infrastrukturunun qışa hazırlana biləcəyinə ümidvar olduğunu ifadə edib. "Bunlar hər gün baş verən müharibə cinayətləridir", - deyə Merz bildirib. Birgə mətbuat konfransında Merz Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə müharibənin dayandırılması ilə bağlı apardığı danışıqlara görə minnətdarlığını bildirib və Berlinin Kiyevə dəstəyini, o cümlədən diplomatik səylər vasitəsilə davam etdirəcəyini vurğulayıb. Almaniya siyasətçisi İohann Vadeful ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Nyu-Yorkda keçirilmiş son görüşü xatırladan Merz bildirib ki, Rusiyanın bu görüşə reaksiyası onun "hazırkı məqamda ciddi danışıqlara" maraq göstərmədiyini nümayiş etdirdi. SAMİRƏ