“Axios” nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasında münasibətlərdə diplomatik irəliləyiş əldə etmək səyləri uğursuz olub və tərəflərdən heç biri güzəştə getmək istəmir.
Portalın mənbələrindən biri bildirib ki, müzakirələrdə çıxılmaz vəziyyət yaranıb: “İranlılar ABŞ-ın razılaşmaq istəmədiyi bir şeyi tələb edirlər və ABŞ qalib gəldiyinə inanır, ona görə də güzəştə getməyə ehtiyac yoxdur".
Qeyd olunur ki, tərəflər getdikcə hərbi münaqişənin yenidən başlama ehtimalının olduğuna inanmağa meyllidirlər. Məlumata görə, Amerika hakimiyyəti hesab edir ki, ABŞ prezidenti Donald Tramp ara seçkilərdən sonra tammiqyaslı hərbi əməliyyatların bərpasına əmr verə bilər.
“Axios” mənbələri qeyd edib ki, Qətər hakimiyyəti səylərini davam etdirəcək, lakin hər iki tərəfdən getdikcə daha çox məyus olurlar.
Portal xatırladır ki, bazar ertəsi günü Qətər diplomatı Əli əl-Təvadi Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə çoxsaylı görüş keçirib. Mənbənin məlumatına görə, onlar Qətərin iki səhifəlik kompromis təklifini müzakirə ediblər. Digər iki mənbəyə görə, Qətərin planı İranın ABŞ-ın dəniz blokadasını ləğv etməsi tələbini və ABŞ-ın nüvə təhlükəsizliyi zəmanətləri tələbini təmin etmək məqsədi daşıyır.
Elə həmin axşam Qətər vasitəçisi Vaşinqtonda Trampın elçisi Cared Kuşner və digər ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Vitse-prezident Vens də görüşün kiçik bir hissəsində iştirak edib. ABŞ rəsmiləri media orqanına danışıqların "müsbət və konstruktiv" olduğunu və İranın "nüvə məsələlərində güzəştə getməyə hazır olduğunu" nümayiş etdirdiyini bildiriblər.
Tahir TAĞIYEV