ABŞ-ın Afinadakı səfiri Kimberli Qillfoylun Rumıniyada hökumət dəyişikliyinə eyham vuraraq "Bunu istədiyimiz istənilən ölkədə edə bilərik. Burada da edə bilərik" deməsi Yunanıstanda böyük səs-küyə səbəb olub.
Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis mətbuat konfransında jurnalistin Qillfoylun belə bir şey deyib-demədiyi ilə bağlı sualına cavab olaraq deyib: "Bildiyiniz kimi, bütün bu illər ərzində qəzet xəbərlərinə şərh vermək vərdişim olmayıb, amma bunu deməliyəm və bu məsələdə qətiyəm. Yunanıstan hökumətinə qarşı heç vaxt təhdid olmayıb. Ciddi desək, belə bir şeyə heç vaxt imkan vermərik".
Yunanıstanın hökumət sözçüsü ABŞ ilə Yunanıstan arasındakı münasibətlərin indiyə qədər olduğundan daha yaxşı olduğunu iddia edib.
“The Wall Street Journal” qəzeti səfir Qillfoylun mart ayında Afinada Yunanıstan və ABŞ rəsmilərinin qatıldığı şam yeməyində Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə mübahisə etdiyini bildirib.
Qəzet iddia edir ki, Rumıniya hökumətinin süqut edəcəyi ilə bağlı proqnozlara eyham vuran Qillfoyl “Bunu istədiyimiz ölkədə edə bilərik. Bunu burada da edə bilərik” deyib. Papastavrou isə ABŞ-ın “xalq tərəfindən seçilmiş Yunanıstan hökumətini” dəyişdirə bilməyəcəyini deyib.
Qillfoylun vəkili mətbuat açıqlamasında Papastavrounun səfirlə dialoqunun bu formada olmadığını bildirib. Yunanıstanda müxalifət partiyaları da hökuməti iddialarla bağlı susduğuna görə tənqid ediblər və məsələyə aydınlıq gətirilməsini tələb ediblər.
Rumıniyada 5 may tarixində Parlamentə təqdim edilmiş etimadsızlıq təklifi səs çoxluğu ilə qəbul edilib və nəticədə o vaxtkı Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumət istefaya göndərilib.
Tahir TAĞIYEV