Ermənistanın hazırkı siyasi rəhbərliyi ilə Erməni Apostol Kilsəsi arasında mövcud ziddiyyətlər daha kəskin xarakter almağa başlayıb. Tərəflər arasında yeni gərginliyin başlanğıc nöqtəsi “Ermənistan Apostol Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksək vəzifəli ruhanilərin fəaliyyəti nəticəsində kilsədə yaranan böhran və onun həlli yolları haqqında” adlı 74 səhifəlik sənədin dərc edilməsi oldu. Gözlənildiyi kimi, kilsənin sənədə və hakimiyyətin addımlarına reaksiyası sərt oldu. Erməni keşişlərinin böyük əksəriyyəti, eləcə də radikal müxalifər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri hakimiyyətin addımlarını pisləyir, bunun ölkə konstitiusiyasına, digər qanunvericilik aktlarına zidd olduğunu bəyan edir. Eyni zamanda o da iddia edilir ki, kilsənin susdurulması üçün hakimiyyətin həyata keçirdiyi fəaliyyətə sərt müqavimət olacaq.
Ermənistan Apostol Kilsəsində mövcud böhran və onun həlli yolları barədə hökumət tərəfindən dərc edilən hesabat təkcə hakimiyyətlə keşişlər arasında yox, həm də iqtidarla müxalifət arasında münasibətlərin daha kəskin xarakter almasına səbəb olub. Eyni zamanda cəmiyyətdə də məsələyə münasibət birmənalı deyil və bu müstəvidə parçalanma halları müşahidə olunur. Sənəd hökumətin 2026-2031-ci illər üçün proqramı çərçivəsində ərsəyə gəlib. Onun müəllifləri kilsədə mövcud böhranı xarakterizə edən 16 müddəa irəli sürüblər. Bəzi ruhanilər və şəxsən bütün ermənilərin katolikosu II Qaregin müxtəlif pozuntulara görə ittiham edilirlər. Bunlara subaylıq andını pozmaq, əxlaq normalarını pozduqlarına görə cəzasızlıq, özbaşına təqiblər və ruhanilərin qanunsuz şəkildə vəzifəsindən kənarlaşdırılması kmi məqamlar daxildir. Hökumət həmçinin kilsənin maliyyə şəffaflığı və kilsə əmlakının sui-istifadəsi ilə bağlı narahatlıqlarını dilə gətirib. II Qaregin Müqəddəs Taxt-tacı siyasiləşdirməkdə, xarici təsirin yayılmasında və diasporun xaricdəki yeparxiyalarında parçalanmalarda günahlandırılıb. Bundan başqa, II Qaregin klan hakimiyyətində ittiham olunur. Hesabatda böhranın aradan qaldırılması üçün beş mərhələli yol xəritəsi təklif olunub. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib: “Erməni Apostol Kilsəsindəki vəziyyət əvvəlcə təsəvvür etdiyimdən daha ciddi və kritikdir. Hesabat bir cümlə ilə xülasə edilsəydi, bu, Erməni Apostol Kilsəsinin Mktriç Nersisyan və onu dəstəkləyən bir qrup ruhani və adi insanlar tərəfindən ələ keçirildiyini sübut edərdi. Bu gün Ermənistan Apostol Kilsəsindəki vəziyyət sadəcə dəhşətlidir, çünki kilsəmiz işğal altındadır, biz bu problemi həll etməliyik. Biz bu problemi, o cümlədən qanunla, qanuna düzəlişlər etməklə həll etməliyik”. Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasındakı qarşıdurma iki ildən çoxdur ki, daxili siyasi fikir ayrılıqları və hökumət siyasətinə qarşı etirazlar fonunda davam edir. Ziddiyyət 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyanın hökumət başçısının istefasını tələb edən etiraz hərəkatına rəhbərlik etməsi ilə daha da böyüdü. 2025-ci ildə Paşinyan II Qaregini daha sərt tənqid etməyə başladı, onun istefasının və kilsənin idarəetmə sistemində islahatların aparılmasının zəruriliyini bildirdi. Qarşıdurma bir neçə yüksək vəzifəli ruhaniyə qarşı cinayət işləri fonunda daha da şiddətləndi. Hakimiyyət orqanları hüquq-mühafizə orqanlarının hərəkətlərinin dini fəaliyyətlə əlaqəsi olmadığını, Erməni Apostol Kilsəsi isə bu hərəkətlərin kilsəyə təzyiq olduğunu iddia etdi. Kilsəni dəstəkləyən müxalif qüvvələr də Paşinyan hakimiyyətinə qarşı keşişlərlə birlikdə olduqlarını bəyan edirlər. “Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bildirir: "Baş nazir Nikol Paşinyanın göstərişi ilə hazırlanmış Erməni Apostol Kilsəsindəki vəziyyətlə bağlı hesabat axmaq hərəkətdən başqa bir şey deyil. Lideri olduğum siyasi qüvvə kilsəni müdafiə etməyə davam edəcək. Hansısa qeyri-kommersiya təşkilatı hökumətin sifarişi ilə saxta xəbərlərə əsaslanaraq cəfəngiyatlardan ibarət sənəd hazırlayıb. Kilsəni necə müdafiə etməyimizə gəlincə, bu, indiyə qədər etdiyimiz formada olacaq. Nə lazımdırsa, elə də edəcəyik”. Müxalifət və bir çox keşişlər iddia edirlər ki, kilsəyə təzyiq yalnız informasiya təqibi ilə məhdudlaşmır. II Qaregini təmsil edən vəkil Ara Zöhrabyanın sözlərinə görə, bütün ermənilərin katolikosuna ölkədən çıxmaq, ona xaricdəki erməni icmalarını ziyarət etmək və pastoral vəzifələrini yerinə yetirmək qadağandır. Bundan başqa, II Qaregin və altı yüksək vəzifəli yepiskopa qarşı cinayət işi hakimlərin etirazları və materialların bir məhkəmədən digərinə ötürülməsi ilə davamlı olaraq təxirə salınır və bu da patriarxın səyahət məhdudiyyətlərini süni şəkildə uzadır. O da qeyd edilir ki, hökumət sistemli şəkildə Erməni Apostol Kilsəsinin iyerarxiyası üzərində dövlət nəzarəti qurmağa çalışır. Arxiyepiskop Baqrat Qalstanyanın sözlərinə görə, ruhanilərə qarşı institusional hücum və süni şəkildə şişirdilmiş qalmaqal əsl fəlakətləri xalqdan gizlətməyə yönəlmiş klassik manipulyasiyalardır. O hesab edir ki, buna müqavimət sərt olacaq. Amma hakimiyyət də kilsəyə təzyiqi qayandırmır və bunun üçün müxtəlif üsulları dövriyyəyə daxil edir. Keşişlərin və müxalifətin hakimiyyətin kilsə ilə bağlı siyasətinə sərt müqavimət niyyəti Ermənistan daxilində bu qüvvələr arasında qarşıdurmanın daha da kəskinləşəcəyini istisna etmir.
Ramil QULİYEV