Məhəmməd Əsədullazdə: “Rusiya hərbi xərcləri və orduda şəxsi heyətin sayını nə qədər artırırsa da, bu cəbhədə irəliləyişə gətib çıxarmayacaq”
Rusiya 2027-ci ildə müdafiə və hərbi ehtiyaclara təxminən 17,1 trilyon rubl (178 milyard avro) xərcləməyi planlaşdırır. Bu rəqəm Reuters agentliyinin əldə etdiyi hökumət sənədlərinə əsasən, əvvəlcədən nəzərdə tutulan plandan 27% çoxdur və müharibənin başlamasından bəri ən yüksək göstəricidir. Habelə Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat tərkibinin artırılması haqqında fərman imzalayıb.
Sənədə əsasən, Rusiya Ordusunun ümumi ştat tərkibi 2 441 630 nəfər müəyyən edilib. Bu rəqəmə 1 550 500 nəfər hərbi qulluqçu daxildir.
Bu nə kimi nəticələr hasil edir?
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Rusiya Ukrayna müharibəsində böhranlı vəziyyətə düşüb. “Orduda şəxsi heyətin sayının artırılması ümumiyyətlə müharibənin keyfiyyətinə də təsir edəcək. Rusiya kəmiyyətə üstünlük verir. Oruda hərbiçilərin sayını artırıb 2 milyona qaldırmaqda məqsəd odur ki, Ukrayna müharibəsində canlı qüvvə ilə üstünlüyü ələ alsınlar. Yəni buna çalışırlar. Amma göründüyü kimi bu heç də cəbhədə üstünlüyə gətirib çıxarmır. Düşünmürəm ki, Rusiya orduda şəxsi heyətin sayını artırmaqla qalibiyyət əldə edəcək. Bu dörd illik müharibə nəticəsində Rusiya böyük uğurlar əldə etmədi. Bundan əlavə, Ukrayna da silahlanır, Ukrayna da artıq PUA batalyonları yaradır, həmçinin robotlardan ibarət bölüklər, birləşmələr yaradır. Bu onu göstərir ki, Ukrayna tərəfi də dayanmır və Rusiyanın bütün hərbi planlarına qarşı öz hərbi planlarını ortaya qoyur. Bu da Rusiyanın Ukraynada işğal siyasətini əngəllənməsinə səbəb olur”.
M.Əsədullazadə qeyd etdi ki, göründüyü kimi, Rusiya isterikadadır, damışıqlar prosesində də onun şərtləri qəbul edilmir. “Bir sözlə, Rusiya hərbi xərcləri və orduda şəxsi heyətin sayını nə qədər artırırsa da, bu ilk növbədə ölkə daxilində böyük narazılığa gətirib çıxaracaq, ikincisi isə cəbhədə irəliləyişə gətib çıxarmayacaq. Sadəcə olaraq Rusiya tərəfi bununla Qərbə və Ukraynaya mesaj verir ki, ordunun sayını artıra və müharibəni genişləndirə bilərəm, bütün şərtlərimi qəbul edin”-deyə M.Əsədullazadə vurğuladı.
İradə SARIYEVA