Rusiya Prezidenti Putin ölkədən Ermənistana, Belarusa, Qazaxıstana, Qırğızıstana, Azərbaycana, Tacikistana və Özbəkistana bir milyon rubldan çox nağd pulun çıxarılmasını qadağan edib.
Rusiya Prezidentinin fərmanına əsasən, hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğdən asılı olmayaraq sözügedən ölkələrə nağd pul aparmaq tamamilə qadağan edilir.
Fərman istisnaları da nəzərdə tutur. Xüsusilə, məhdudiyyətlər hüquqi şəxslər tərəfindən nağd pulun tranzit daşınmasına və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin təminatı üçün pulun çıxarılmasına şamil olunmur.
Digər hallarda nağd pulun aparılması hökumət tərəfindən müəyyən edilmiş hava limanlarından mümkün olacaq. Şəxs özü ilə pulun həmin şəxsin hesabından çıxarıldığını təsdiq edən bank çıxarışını gətirməlidir.
Qadağa pozulduğu təqdirdə isə vəsait müsadirə olunacaq. Hüquqi şəxslərdən və fərdi sahibkarlardan pul tam şəkildə müsadirə ediləcək, fiziki şəxslərdən isə icazə verilən bir milyon rubldan artıq olan məbləğə əl qoyulacaq.
Məlumat üçün bildirək ki, yeni sərəncamla Putinin 2026-cı ilin aprelində nağd pul və qızılın ölkədən çıxarılmasına tətbiq etdiyi məhdudiyyətlər daha da sərtləşdirilir.
Tahir TAĞIYEV